Məhkəmə Xədicə İsmayılın ölkədən çıxışına qoyulan qadağanı götürməyib

Məhkəmə Xədicə İsmayılın ölkədən çıxışına qoyulan qadağanı götürməyib Birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilmədən qüvvədə saxlanılıb
Hadisə
31 Yanvar , 2018 09:51
Məhkəmə Xədicə İsmayılın ölkədən çıxışına qoyulan qadağanı götürməyib

Bakı. 31 yanvar. REPORT.AZ/ Bakı Apellyasiya Məhkəməsində jurnalist Xədicə İsmayılın barəsində şərti məhkumetmə ilə əlaqədar ona təyin edilmiş sınaq müddəti dövründə Azərbaycan hüdudlarından kənara çıxışına qoyulan qadağanın götürülməsinə dair məhkəmə qərarından verilən apellyasiya şikayətinə baxılıb.

“Report”un xəbərinə görə, hakim Əmir Bayramovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, X.İsmayılın apellyasiya şikayəti təmin edilməyib, birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilmədən qüvvədə saxlanılıb.

Qeyd edək ki, 2014-cü ilin dekabrında həbs edilən X.İsmayıl Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və israf etmə - külli miqdarda törədildikdə), 192.2.2 (qanunsuz sahibkarlıq), 213.1 (vergi ödəməkdən yayınma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham olunub.

O, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 7 il 5 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan X.İsmayıl apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi şikayəti təmin etməyib. 2016-cı ilin may ayının 25-də Ali Məhkəmə X.İsmayıla 3 il 6 ay şərti həbs cəzası verilməklə azadlığa buraxılması haqda qərar qəbul edib və o, azadlığa buraxılıb.

Xatırladaq ki, X.İsmayıl şərti məhkumetmə ilə əlaqədar ona təyin edilmiş sınaq müddəti dövründə Azərbaycan Respublikası hüdudlarından çıxışına qoyulan qadağanın götürülməsinə dair Binəqədi Rayon Məhkəməsinə müraciət edib. Məhkəmə jurnalistin şikayətini təmin etməyib. O, həmin qərardan apellyasiya şikayəti verib.

Son xəbərlər

Orphus sistemi