Məhkəmə Ramiz Məlikin Məleykə Əsədovaya qarşı iddiasını icraata götürüb

Məhkəmə Ramiz Məlikin Məleykə Əsədovaya qarşı iddiasını icraata götürüb Vəkil: "Məleykə Əsədova onun evinə zəng edib nəvələrini oğurlatdıracağını bildirib"
Hadisə
19 Dekabr , 2017 16:29
Məhkəmə Ramiz Məlikin Məleykə Əsədovaya qarşı iddiasını icraata götürüb

Bakı. 19 dekabr. REPORT.AZ/ Bu gün Nəsimi Rayon Məhkəməsində xalq artisti Məleykə Əsədovanın xalq artisti Ramiz Məlikə qarşı iddiası üzrə məhkəmə iclası davam etdirilib.

"Report"un xəbərinə görə, hakim Natavan Tağıyevanın sədrliyi ilə keçirilən prosesdə yalnız R.Məlik iştirak edib.

R.Məlikin vəkili Türkel Süleymanlı məhkəmədə qarşılıqlı iddia qaldırıb. O, M.Əsədovanın müvəkkilini təhqir etdiyini və buna görə 300 min manatlıq iddia qaldırdıqlarını söyləyib.

Mülki iddia icraata qəbul edilib.

Daha sonra M.Əsədovanın vəkili çıxış edib. O bildirib ki, R.Məlik müvəkkilini təhqir edib: "Ramiz müəllim mətbuatda verdiyi açıqlamasında Məleykə xanımı alçaldıb. O deyb ki, guya Məleykə Əsədovanın anası fahişə olub və atası da buna görə onu boşayıb. Həmçinin Ramiz Məlik Məleykə Əsədovanın geyimi ilə bağlı da danışıb. Müvəkkilim söyləyib ki, əgər Ramiz Məlik onun valideynlərinin qəbri üstünə gedib diz çöküb, onlardan üzr istəsə, onu bağışlayacaq. Ramiz müəllim deyib ki, "guya o uşağı da sən doğmusan?". "Kimisə bir günlük stola çıxardıb özünə toy etdirib" deyib. Əgər Ramiz Məlik üzr istəsə, Məleykə xanım onu bağışlayacaq".

T.Süleymanlı qeyd edib ki, R.Məlik M.Əsədovanı təhqir etməyib: "Məleykə Əsədova onun evinə zəng edib ailəsini təhqir edib və nəvələrini oğurlatdıracağını bildirib".

R.Məlik də çıxışında söyləyib ki, M.Əsədovanı təhqir etməyib: "Mən onun mətbuatda geyindiyi "şortik"ə görə özünə yazmışam. O da götürüb evə zəng edib ailəmi təhqir edib. Nəvələrimi oğurlatdıracağını deyib. Evə gələndə xəstə olan yoldaşım bu barədə dedi və mən də əsəbləşdim. Bu zaman kimsə zəng etdi və mən də əsəbi olduğuma görə dedim. Ona iradım bu olub ki, teatrın adına söz gəlməsin. Əvvəl mətbuatda üzr istədim, sonra məni təhqir edib məhkəməyə verdi. Bu məsələyə son qoyulmasını istəyirəm".

Məhkəmənin növbəti iclası 2018-ci ilin yanvar ayının 8-nə təyin edilib.

Qeyd edək ki, M.Əsədova həmkarı R.Məlikin onun şərəf və ləyaqətini təhqir etdiyini iddia edir. O, məhkəməyə müraciət edərək həmkarından 200 min manat məbləğində təzminat istəyir.

Son xəbərlər

Orphus sistemi