Noyabrın 7-də saat 5 radələrində Masallı rayonunun Yeddioymaq kənd sakini 1996-cı il təvəllüdlü Salatın Fətullayevanın yaşadığı evdə ölməsinə dair Masallı rayon Prokurorluğuna məlumat daxil olub.
Masallı rayon Prokurorluğundan "Report"a verilən məlumata görə, araşdırmalarla 1969-cu il təvəllüdlü Hüseyn Şükürovun qızı Salatın Fətullayevaya aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Masallı rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Hüseyn Şükürov iş üzrə şübhəli şəxs qismində tutulub.
İbtidai istintaq davam etdirilir.
Noyabrın 7-də saat 4 radələrində Masallı rayonu Birinci Yeddioymaq kəndində evlərin birində 1996-cı il təvəllüdlü Fətullayeva Salatın Hüseyn qızının kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.
Bu barədə "Report"a DİN-in mətbuat xidmətinin regional qrupundan bildirilib.
Məlumata görə, cinayət əməlini törətməkdə qadının atası, 1969-cu il təvəllüdlü Şükürov Hüseyn Qurban oğlu şübhəli bilinir. O, saxlanılıb.
Hadisə ailə münaqişəsi zəminində baş verib.
Araşdırma aparılır.