Yuxarı
    Bağlamaq

    ​Maşallah Əhmədovun istintaq müddəti uzadılıb

    Onun barəsində seçilmiş ev dustaqlığı daha bir ay müddətinə artırılıb

    Bakı. 12 aprel. REPORT.AZ/ Binəqədi Rayon Məhkəməsində dələduzluqda təqsirləndirilən tanınmış futbolçu Maşallah Əhmədov barəsində seçilmiş ev dustaqlığının müddətinin uzadılması ilə bağlı istintaq orqanının verdiyi təqdimata baxılıb.

    "Report"un əldə etdiyi məlumata görə, M.Əhmədov barəsində seçilmiş ev dustaqlığı daha bir ay müddətinə artırılıb.

    Bundan başqa, M.Əhmədov barəsində cinayət işi üzrə ibtidai istintaqın müddəti üç ay müddətinə uzadılıb.

    Qeyd edək ki, M.Əhmədov 2015-ci ilin dekabr ayının 14-də Binəqədi Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb. İlkin məlumata görə, bizneslə məşğul olan "Neftçi"nin keçmiş futbolçusu Bakıda bir neçə nəfərə 150 min manatdan artıq dəyərdə xaricdən daş plitə gətirəcəyini vəd edib. Lakin M.Əhmədov sözünə əməl etməyib, həmin şəxslərin pulunu da qaytarmayıb.

    Dekabrın 16-da Binəqədi Rayon Məhkəməsində M.Əhmədov barəsində üç ay müddətinə həbs qətimkan tədbiri seçilib. Qərardan narazı qalan veteran futbolçu apellyasiya şikayəti ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edib. Lakin apellyasiya şikayəti təmin edilməyib.

    Dekabrın 30-da isə Binəqədi Rayon Məhkəməsi M.Əhmədov barəsində seçilmiş həbs qətimkan tədbirini ləğv edib. Tanınmış futbolçu ev dustaqlığına buraxılıb. Ötən ayın 14-də M.Əhmədov barəsində seçilmiş ev dustaqlığı bir ay müddətinə artırılıb.

    Xatırladaq ki, Azərbaycan futbolunun ən güclü hücumçularından olan M.Əhmədov 1959-cu ildə Gəncədə anadan olub. O, 1977-ci ildən "Neftçi" klubunda oynayıb. M.Əhmədov 1995-ci ildə əsas milli komandada məşqçi, U-21-də isə baş məşqçi funksiyasını yerinə yetirib. O, 2008-ci ilin dekabrından etibarən İsgəndər Cavadovun rəhbərlik etdiyi Azərbaycan Regional Futbol Federasiyaları Assosiasiyasının vitse-prezidentidir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi