Yuxarı

Leysan yağışlar nəticəsində Lənkəranda evləri su basıb, 18 nəfər təxliyə edilib - VİDEO - YENİLƏNİB

Dağətəyi kəndlərin sakinlərinə ciddi ziyan dəyib

İlk xəbər 03:06-da dərc olunub

Bakı. 17 oktyabr. REPORT.AZ/ İki gün aramsız yağan yağışlar Lənkəranda fəsadlar törədib.

"Report" xəbər verir ki, axşam saatlarında daha da güclənən leysan yağışları nəticəsində bir sıra yaşayış məhəllələri su altında qalıb.

Dağətəyi kəndlərin sakinlərinə ciddi ziyan dəyib. Hələlik dəyən ziyanın həcmi məlum olmasa da, ev quşları və xırdabuynuzlu heyvanlar arasında tələfatın olduğu bildirilir.

Fövqəladə Hallar Nazirliyinin (FHN) Cənub regional mərkəzinin xilasediciləri və Dövlət Sularda Xilasetmə Xidmətinin “Cənub” dalğıc-axtarış qrupu Bürcəli və Türkəkəran kəndlərində əhalinin təxliyə edilməsinə cəlb olunub. Gecə saat 00.10 radələrində Növbətçi hissəyə daxil olan telefon zəngindən sonra ilk olaraq Həsənovlar ailəsinin ikisi azyaşlı olmaqla 6 nəfər üzvü FHN əməkdaşları tərəfindən qayıq vasitəsilə evlərindən təxliyə edilib.

FHN Cənub regional mərkəzinin məlumatına görə, ümumilikdə Bürcəli və Türkəkəran kəndlərində 18 nəfərə yardım göstərilib. Onlardan 7-si azyaşlı, 6 nəfəri qadın olub. Xilasetmə işləri bir neçə saat ərzində davam edib.

Kənd sakinlərinin bildirdiyinə görə, həyətlərdən su sel şəklində keçərək, nisbətən çökək olan ərazilərdə toplanıb. Bu da hansısa bəndin uçması ehtimlını yaradır. Hazırda həyətlərə yığılan suyun hündürlüyü 1-1,5 metrə çatır. Rayonun digər kəndlərində də daşqınların olduğu bildirilir.

FHN-nin yaydığı rəsmi məlumata görə, yağan intensiv leysan xarakterli yağışlar nəticəsində Lənkəran rayonu, Bürcəli kəndində bəzi evlərin həyətyanı sahələri və zirzəmiləri su ilə dolub. Qurumun Cənub regional mərkəzinin xilasediciləri və Dövlət Sularda Xilasetmə Xidmətinin “Cənub” dalğıc-axtarış qrupu əraziyə cəlb olunub. Xilasedicilər tərəfindən ümumilikdə 5 ailə, o cümlədən 18 nəfər xilas olunaraq təhlükəsiz əraziyə təxliyə edilib. Əməliyyat saat 03:32 də başa çatıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi