Bakı-Ələt-Qazax-Gürcüstan dövlət sərhədi avtomobil yolunun Kürdəmir rayonunun Karrar kəndi ərazisindən keçən hissəsində baş verən hadisə ilə əlaqədar TƏBİB-in tabeliyindəki “113” Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının həkim briqadaları hadisə yerinə cəlb edilib.
TƏBİB-dən "Report"un sorğusuna cavab olaraq bildirilib ki, hadisə nəticəsində xəsarət alan 3-ü uşaq olmaqla 8 nəfər saat 13:45 radələrində TƏBİB-in tabeliyindəki Kürdəmir Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yerləşdirilib.
Onlara zəruri tibbi xidmətlər göstərilib, müalicələri davam etdirilir. Xəsarət alan 1 nəfərin (qadın) vəziyyəti ağır, uşaqların (2 qız, 1 oğlan olmaqla) və 4 nəfərin (kişi olmaqla) vəziyyəti isə stabildir.
Bakı-Ələt-Qazax-Gürcüstan dövlət sərhədi avtomobil yolunun Kürdəmir rayonunun Karar kəndi ərazisindən keçən hissəsində baş verən ağır qəzası ilə bağlı cinayət işi başlanılıb.
Bu barədə "Report"un Yuxarı Şirvan bürosuna hüquq-mühafizə orqanlarından məlumat verilib.
Bildirilib ki, 2 nəfər öldüyü, 8 nəfərin yaralandığı hadisə ilə bağlı Cinayət Məcəlləsinin 263.3-cü (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.
Bakı-Ələt-Qazax-Gürcüstan dövlət sərhədi avtomobil yolunun Kürdəmir rayonunun Karar kəndi ərazisindən keçən hissəsində baş verən ağır qəzada ölən şəxslərdən birinin kimliyi məlum olub.
"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, bu, Həmidə Quliyevadır.
Qəza zamanı Quliyev Fəxrəddin Məhəmmədhəsən oğlu, Quliyev Elgün Rəhbər oğlu, Məmmədova Zeynəb Mübariz qızı, Quliyeva Zəhra Vüqar qızı, Quliyev Məhəmməd Vüqar oğlu, Quliyeva Qələmnaz Vüqar qızı, Əliyev İlqar Gəray oğlu, Mehdiyev Eldəniz Zahid oğlu xəsarət alıblar.
Faktla bağlı araşdırma aparılır.
Bakı-Ələt-Qazax-Gürcüstan dövlət sərhədi avtomobil yolunun Kürdəmir rayonunun Karar kəndi ərazisindən keçən hissəsində baş verən ağır qəzada 2 nəfər ölüb, 8 nəfər yaralanıb.
"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, "Mercedes Sprinter" markalı sərnişin daşıyan mikroavtobus qarşısında hərəkət edən mişar daşı ilə dolu "KamAZ" markalı yük maşınına çırpılıb.
Nəticədə ilkin məlumata görə, 2 nəfər ölüb, 8 şəxs müxtəlif dərəcəli bədən xəsarəti alıblar.
Hadisə zamanı "KamAZ" markalı yük maşını yoldan çıxaraq aşıb.
Yaralılar Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Hazırda faktla bağlı araşdırma aparılır.