Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib.
"Report" xəbər verir ki, iclasda İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinin dispozisiyasında “əldə edilmiş xarici valyuta vəsaitləri” müddəasının şərh edilməsinə dair Sumqayıt Apellyasiya Məhkəməsinin müraciətinə baxılaraq, icraata qəbul olunması haqqında qərardad çıxarılıb.
Müraciətə mahiyyəti üzrə, tərəflərin iştirakı ilə Konstitusiya Məhkəməsi Plenumunun fevralın 26-na təyin edilmiş iclasında baxılacaq.
Qeyd edək ki, İXM-nin 483-cü maddəsi xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə məsuliyyəti nəzərdə tutur.
Bu əmələ görə inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin 30 %-dən 50 %-dək məbləğdə cərimə edilir.
Maddədə “az miqdarda” dedikdə 20 min manatadək olan məbləğ başa düşülür.