​Keçmiş döyüşçülər: “Atası şəhid olarkən Cavid Hüseynovun 4 yaşı var idi”

​Keçmiş döyüşçülər: “Atası şəhid olarkən Cavid Hüseynovun 4 yaşı var idi” Qarabağ müharibəsinin əlil və veteranları Prezident İlham Əliyevə müraciət ünvanlayıb
Hadisə
21 Avqust , 2015 15:49
​Keçmiş döyüşçülər: “Atası şəhid olarkən Cavid Hüseynovun 4 yaşı var idi”

Bakı. 21 avqust. REPORT.AZ/ N saylı hərbi hissənin keçmiş döyüşçüləri, Qarabağ müharibəsinin əlil və veteranları Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət ünvanlayıb. “Report” xəbər verir ki, 25 nəfərin imza atdığı müraciət “Qəbələ” klubunun həbsdə olan sabiq kapitanı Cavid Hüseynovla bağlıdır.

Müraciətdə qeyd olunur ki, N saylı hərbi hissənin batalyon komandiri Cavid Hüseynovun atası Şakir Hüseyn oğlu Abbasov olub: “Bizim hərbi hissə hələ özünümüdafiə dəstəsi kimi fəaliyyət göstərdiyi gündən Milli Ordu yaranan günədək şanlı döyüş yolu keçib. Cəbrayılla həmsərhəd Hadrut rayonunun 15 kəndini erməni quldurlarından azad edib, Cəbrayıl işğal olunan günədək bir qarış da torpağımızın işğalına yol verməyib. Döyüşlərdə alayın yüzlərlə döyüşçüsü şəhid və əlil olub, 6 nəfər Milli Qəhrəman adına layiq görülüb. Rayon işğal olunandan sonra alayın döyüşçüləri Ağdam istiqamətinə göndərilib və burada da qəhrəmancasına döyüşüb. Həmin döyüşlərdə şəhid olanlardan biri də “Qəbələ” futbol komandasının kapitanı və milli komandamızın üzvü Cavid Hüseynovun atası Şakir Hüseyn oğlu Abbasovdur. O, Ağdamın Güllücə kəndi uğrunda gedən döyüşlərdə ağır yaralansa da, döyüş meydanını tərk etməyib, döyüşlərdə rəhbərliyi davam etdirib və növbəti dəfə təkrar ağır yaralanaraq şəhid olub. Onun qəhrəmanlığı Prezidentimiz tərəfindən yüksək qiymətləndirilmiş və Azərbaycan Respublikası Prezidentinin 25 iyun 2011-ci il tarixli, 1552 nömrəli sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib”.

Müraciətdə qeyd olunub ki, Şakir Abbasov şəhid olduğu zaman Şərafəddinin 6, Cavidin 4, qızı Nigarın 1 yaşı var idi: “Cənab Ali Baş Komandan, Sizin bu gün əsgərləriniz olaraq bu anda həmişə sadiqik və Sizin əmrinizlə istənilən vaxt torpaqlarımızı azad etməyə hazırıq. Bu zaman inanın ki, Şakir müəllimin hər iki oğul övladı bizimlə birlikdə olacaq və Allah o günü bizə qismət edəcək. Ancaq çox təəssüf ki, adi məişət zəminində baş vermiş bir hadisəyə görə bizim şəhid qardaşımızın oğlu Cavid Hüseynovun adı qanunsuz və əsassız olaraq hallandırılır. Cənab Prezident, çox yaxşı oldu ki, bu işi dərhal nəzarətə götürdünüz. Biz inanırıq ki, günahkarlar öz layiqli cəzasını alacaq. Mərhum jurnalist Rasim Əliyev də bir atanın, bir ananın övladı idi, bacısı və nişanlısı var idi, yaxınlarda toyu olacaqdı. Bütün bu adamların Rasimlə bağlı böyük arzuları var idi. Rasimin dəfni mərasimini izləmək adamı dəhşətə gətirirdi.

Biz bununla bağlı Baş Prokuror Zakir Qaralova da müraciət etmişik. Həmçinin bildiririk ki, bizim bu müraciət istintaqa təzyiq kimi qiymətləndirilməməlidir. Sadəcə olaraq biz əminik ki, Cavidin bu işdən xəbəri yoxdur. Çünki Şakir Hüseynov kimi qəhrəman bir döyüşçünün, şəhidin oğlu və bu ruhda böyüyüb tərbiyə almış bir vətən övladı öz millətindən olan qardaşının ölümünə səbəb ola bilməz. Lakin sözsüz ki, bütün bu faktlar hər biri istintaqın yekununda müəyyənləşəcək və ictimaiyyət əsl həqiqəti öyrənəcək. Biz cənab baş prokurordan xahiş edirik ki, Cavidin şəhid övladı olmasını, himayəsində iki azyaşlı uşağının olmasını, anasının ağır səhhətini, onun Azərbaycan futbolu qarşısında xidmətlərini nəzərə alaraq həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsinə köməklik göstərsin”. 

Son xəbərlər

Orphus sistemi