Bakı. 21 may. REPORT.AZ/ Bakıda kafedə partlayış nəticəsində ağır yanıq xəsarətləri alan şəxslərin vəziyyəti olduqca ağırdır.
Bu barədə “Report”a Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun (ADHTİ) Plastik və Rekonstruktiv Cərrahiyyə Klinikasının nəzdində fəaliyyət göstərən Yanıq şöbəsinin müdiri Şöhrət Məmmədov məlumat verib.
O bildirib ki, 44 yaşlı Natiq İbrahimov və 53 yaşlı Şəkər İbrahimova bütün bədən sətlərinin yanığı diaqnozu ilə şöbəyə gətirilib: “Onlar III və IV dərəcəli yanıq xəsarətləri alıblar. Yaralılar hazırda reanimasiyadadırlar. Xəstələrin yaraları infuziya edilərək sarğı olunub, sistem qoşulub və bütün qabaqlayıcı tədbirlər görülüb. Lakin buna baxmayaraq, hər iki yaralının vəziyyəti çox ağırdır. Bədən səthlərinin, demək olar ki, 100 faiz hissəsi və tənəffüs yolları yanıb”.
*** 16:09
Bakı. 21 may. REPORT.AZ/ Bakıda kafedə partlayış nəticəsində iki nəfər təcili yardım maşını ilə bədəninin müxtəlif nahiyələrinin yanıq xəsarətləri ilə Əziz Əliyev adına Cərrahiyyə Klinikasının Yanıq Mərkəzinə aparılıb.
Bu barədə “Report”a Səhiyyə Nazirliyinin mətbuat xidmətinin mütəxəssisi Səfayə Əhmədova məlumat verib.
Onun sözlərinə görə, hazırda yaralıların vəziyyəti ağırdır.
Qeyd edək ki, hadisə zamanı iki yaralı xəstəxanaya aparılarkən yolda ölüb.