İki nəfərin qətlində təqsirləndirilən şəxslər məhkəmədə ifadə veriblər

İki nəfərin qətlində təqsirləndirilən şəxslər məhkəmədə ifadə veriblər Bakıda kütləvi dava zamanı 2 nəfərin qətlində təqsirləndirilən Rauf Hüseynov, Ceyhun İsayev və Ramin İsayevin cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilib.
Hadisə
9 avqust 2023 12:37
İki nəfərin qətlində təqsirləndirilən şəxslər məhkəmədə ifadə veriblər

Bakıda kütləvi dava zamanı 2 nəfərin qətlində təqsirləndirilən Rauf Hüseynov, Ceyhun İsayev və Ramin İsayevin cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilib.

"Report" xəbər verir ki, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs C.İsayev dindirilib.

Onun sözlərinə görə, mərhum Xəyal Rəhimovla dost olub: "Rauf mənim həyətimdə kirayədə yaşayırdı. Axşam vaxtı Xəyalla Raufun bizim həyətdə mübahisə etdiyini gördüm. Sonra küçəyə çıxdılar. Mübahisə zamanı Orxan da ora gəldi. Orxan söyüş söydü. Mən isə Xəyala dedim ki, görüş yeri təyin edərsiz, görüşərik. Xəyal razılaşdı. Amma yenə də söyüş söyməyə başladılar. Onları sakitləşdirib yola saldım. Bir saatdan sonra pəncərə döyüldü. Çölə çıxdıq ki, 7 nəfərdən ibarət bir qrup adam gəldiyini gördüm. Onların əllərində dəmir parçası var idi və darvazadan içəri keçdilər. Daha sonra üstümüzə hücum etdilər. Üstümdə bıçaq götürmüşdüm. Kütləvi dava baş verdi. Gördüm ki, onları sakitləşdirə bilmirəm, mən də vurmağa başladım. Amma kimi vurduğum yadımda deyil. Həmin vaxt Xəyalın yerə yıxıldığını gördüm”.

Daha sonra təqsirləndirlilən R.İsayev ifadə verib. O bildirib ki, hadisə gün evdə olub, dava zamanı çölə çıxıb: “Həmin şəxslər sayca çox idilər. Mən də döşəmə silən taxtanı və mətbəx bıçağını götürdüm. Xəyal əlindəki dəyənəklə başıma vurdu. Zərbənin təsirindən yerə yıxıldım. Cibimdən bıçağı çıxarıb onları qorxudaraq özümü müdafiə etdim. İlkinlə Xəyalın kim tərəfindən vurduğunu görmədim. Mən davada kiməsə xəsarət yetirməmişəm".

Prosesdə ifadə verən mərhum İlkin Rzayevin anası Mehriban Rzayeva isə deyib ki, oğlunun günahı olmadan qətlə yetirilib. O söyləyib ki, oğlu keçmiş polis əməkdaşı olub: “Onun 22 yaşı var idi. Oğlum davanın mahiyyətini bilmədən ora gedib. Xəyalla İlkinin tanışlığı olmayıb. İlkin qəsdən və heç bir günahı olmadan qətlə yetirilib. Onlara ən ağır cəzanın verilməsini tələb edirəm".

Məhkəmənin növbəti iclası avqustun 23-nə təyin edilib.

İttiham aktına əsasən, hadisə bu il fevralın 11-i saat 2 radələrində Bakı şəhərinin Nizami rayonu ərazisində qeydə alınıb.

Belə ki, kütləvi dava zamanı İlkin Rzayev və Xəyal Rəhimov qətlə yetirilib.

Daha sonra C.İsayev, R.Hüseynov və R.İsayev şübhəli şəxs qismində saxlanılıb.

Faktla bağlı R.Hüseynov və C.İsayevə qarşı Cinayət Məcəlləsinin 120.2.1-ci (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürmə), 120.2.7-ci (qəsdən adam öldürmə, iki və daha artıq adamı öldürmə) və 221.3-cü (Xuliqanlıq) və R.İsayevə isə Cinayət Məcəlləsinin və 221.3-cü ( silah qismində istifadə olunan əşyalardan istifadə etməklə xuliqanlıq) maddələri ilə ittiham irəli sürülüb.

Son xəbərlər

Orphus sistemi