​İŞİD-in tərkibində vuruşan azərbaycanlılar məhkəmədə ifadə verib

​İŞİD-in tərkibində vuruşan azərbaycanlılar məhkəmədə ifadə verib “Onun anası mənə zəng etdi ki, oğlum Suriyaya döyüşməyə gedib”
Hadisə
6 Oktyabr , 2015 13:37
​İŞİD-in tərkibində vuruşan azərbaycanlılar məhkəmədə ifadə verib

Bakı. 6 oktyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində İŞİD terror təşkilatının tərkibində vuruşmaqda təqsirli bilinən Telman Bəkirov və Mübariz Tahirovun cinayət işi üzrə məhkəməsi keçirilib.

"Report"un xəbərinə görə, hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslər və şahid Tahir Hüseynov ifadə verib.

T.Bəkirov dindirilən zaman özünü təqsirli hesab etməyib: "Bu iddiaları əsassız sayıram. Növbəti proseslərdə məhkəməyə dəlillər təqdim edəcəm".

M.Tahirov da İŞİD terror təşkilatının tərkibində vuruşmadığını bildirib: "Heç bir təhsilim yoxdur. 13 yaşımdan işləyirəm. Bakıda internet kafeyə bir neçə saqqal saxlayan şəxslər gəlirdi. Elə Mahmud Rəsulovla da orada tanış oldum. O, Suriya dövlətində vuruşmaq üçün məni ora apacağını bildirdi. Mən də Türkiyənin Qaziantep şəhərinə yollandım. Orada məni 2 aydan çox saxladılar. Başqa yerə getməyimə imkan vermədilər. Türkiyədə Suriyada gedən döyüşlər haqda bir neçə dəfə videolara baxdıqdan sonra qərarımı dəyişdim. Qorxduğum üçün Suriyaya keçmədim. Heç Suriya ərazisinin sərhədinə belə yaxınlaşmadım. Bakıya qayıdandan sonra isə namaz qılmadım. Özümü bu işdə təqsirli hesab etmirəm".

Telman Bəkirovun dayısı Tahir Hüseynov ifadə verərkən bacısı oğlunun peşman olduğunu deyib: "Telman mənim bacımoğludur. Onun anası mənə zəng etdi ki, oğlum Suriyaya döyüşməyə gedib. Daha sonra bu haqda rayonda qohumlar da danışırdılar. Telman mənə Suriyada olan zaman heç vaxt zəng etməyib. Türkiyədən gələndən sonra isə Milli Təhlükəsizlik Nazirliyi (MTN) onu çağırdı. MTN-ə birgə getdik. Telman mənə peşman olduğunu dedi".

Məhkəmənin növbəti iclası oktyabrın 13-nə təyin edilib.

Qeyd edək ki, bu ilin aprelində Milli Təhlükəsizlik Nazirliyi (MTN) tərəfindən həyata keçirilmiş anti-terror tədbirləri nəticəsində, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələr və ya qruplar yaratma, eləcə də onların yaradılmasında və fəaliyyətində iştirak etmə, onları silahla, döyüş sursatı ilə, partlayıcı maddələrlə, hərbi texnika ilə, yaxud əsgəri ləvazimatla təchiz etmə, habelə, Azərbaycan Respublikası vətəndaşları və ya Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxsləri dini məzhəbləri yaymaq, dini ayinlərin icrası adı altında, dini düşmənçilik zəminində Azərbaycan Respublikasının hüdudlarından kənarda aparılan silahlı münaqişələrə cəlb etmə, yaxud bu məqsədlə döyüş təlimləri keçmə, yaxud həmin məqsədlə fəaliyyət göstərən sabit qrup yaratma, eləcə də həmin qruplarda, təlimlərdə və ya silahlı münaqişələrdə iştirak etmə və digər hüquqazidd əməllərinin törədilməsinə görə Azərbaycan Respublikasının vətəndaşları - Qaragözov Aydın Nadir oğlu, Ramizzadə Hafiz Ruslan oğlu, Bəkirov Telman Əvəz oğlu, Tahirov Mübariz Əmən oğlu, Qasımov Cavid Rabil oğlu, Vəlizadə Fəzail Etibar oğlu və Məmmədov Tural Fazil oğlu şübhəli şəxs qismində tutulmuşlar. Faktlarla bağlı Milli Təhlükəsizlik Nazirliyi İstintaq Baş İdarəsi tərəfindən AR Cinayət Məcəlləsinin 12.1, 279.1-ci və 283-1.3-cü maddələri ilə cinayət işləri başlanılmışdır. Qaragözov Aydın Nadir oğlu, Ramizzadə Hafiz Ruslan oğlu, Bəkirov Telman Əvəz oğlu, Tahirov Mübariz Əmən oğlu, Qasımov Cavid Rabil oğlu, Vəlizadə Fəzail Etibar oğlu və Məmmədov Tural Fazil oğlu təqsirləndirilən şəxs qismində cəlb olunaraq məhkəmənin qərarları ilə barələrində həbs qətimkan tədbiri seçilib.

Müəyyən edilib ki, Ramizzadə Hafiz Ruslan oğlu və Qaragözov Aydın Nadir oğlu Pakistan İslam Respublikasının ərazisində həmin dövlətin və Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələrin fəaliyyətində iştirak ediblər. Belə ki, Hafiz Ramizzadə 2007-2012-ci illərdə, Aydın Qaragözov isə 2011-2013-cü illərdə Pakistanın Vəziristan vilayətində "Təhriki Taliban" adlı qanunsuz silahlı birləşmənin tabeliyindəki "Tayfatul Mansura" adlı silahlı dəstənin fəaliyyətində iştirak ediblər.

Təqsirləndirilən digər şəxslər - Bəkirov Telman Əvəz oğlu, Tahirov Mübariz Əmən oğlu, Qasımov Cavid Rabil oğlu, Vəlizadə Fəzail Etibar oğlu və Məmmədov Tural Fəzail oğlu 2014-2015-ci illər ərzində müxtəlif vaxtlarda Suriya Ərəb Respublikasının və İraq Respublikasının ərazisində həmin dövlətlərin, habelə Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan ayrı-ayrı silahlı birləşmələrin, o cümlədən İŞİD terrorçu təşkilatının fəaliyyətində iştirak ediblər.

Digər şəxslərin cinayət işi üzrə məhkəmə prosesi ayrı keçiriləcək.

Son xəbərlər

Orphus sistemi