Bakı. 23 aprel. REPORT.AZ/ İrandan Azərbaycana narkotik maddələr keçirməyə cəhd göstərən şəxs saxlanılıb.
Bu barədə "Report"a Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat xidmətindən bildirilib.
Məlumata görə, Dövlət Sərhəd Xidmətinin sərhəd nəzarətinin əməkdaşlarının sayıqlığı və vəzifə borclarının icrasına məsuliyyətlə yanaşması nəticəsində külli miqdarda narkotik vasitənin ölkə ərazisinə gətirilməsinin qarşısı alınıb.
Belə ki, “Biləsuvar” dövlət sərhədinin buraxılış məntəqəsində İran İslam Respublikasından rəsmi qaydada Azərbaycan Respublikasına gələn, 1979-cu il təvəllüdlü, Azərbaycan Respublikası vətəndaşı Əzizov Gülmirzə Adil oğlu saxlanılıb və şəxsi baxış nəticəsində üzərində 2500 qram tiryək, 500 qram heroin aşkar olunub.
Fakt üzrə əməliyyat və istintaq tədbirləri davam etdirilir.

