Həyətini genişləndirmək qərarına gəldi, beş boru xətti keçən ərazini zəbt etdi

Həyətini genişləndirmək qərarına gəldi, beş boru xətti keçən ərazini zəbt etdi Sabunçu rayonu, Elşən Mehdiyev küçəsindəki evlərin də, demək olar ki, hamısı neft kəmərinin mühafizə zonasında tikilib.
Hadisə
19 Yanvar , 2021 20:09
Həyətini genişləndirmək qərarına gəldi, beş boru xətti keçən ərazini zəbt etdi

İllərdir təhlükələri barədə cəmiyyət maarifləndirilsə də, hələ də Bakıda neft kəmərlərinin mühafizə zolağında, hətta boru xəttinin düz üstündə yaşayış evləri tikilir. Sabunçu rayonu, Elşən Mehdiyev küçəsindəki evlərin də, demək olar ki, hamısı neft kəmərinin mühafizə zonasında tikilib. Burda əksər evlərin qapısı boru xəttinə açılır. İnsanlar evlərinə getmək üçün kəmərlərin üstündən keçməli olur. Bütün əraziyə mütəmadi nəzarətin mümkünsüzlüyündən istifadə edərək keçmişdə “gecəqondu” üsulu ilə burada məskunlaşmış insanlar çoxdur. Bir çox qanunsuz tikilən evlərin sökülməsi barədə məhkəmə qərarı da mövcuddur. Lakin bu insanların çətin sosial durumu nəzərə alınaraq, məhkəmə qərarlarının icrası təxirə salınır.

Sakinlərdən Aqilə Binnətova isə bir qədər də irəli gedərək evinin önündən keçən boru xəttələrini hasara alıb. Bu isə neft kəmərinin mühafizəsini, zəruri hallarda texniki xidmətin göstərilməsini, eləcə də hər hansı qəza zamanı operativ müdaxilə imkanlarını, xüsusi texnikaların işləməsini xeyli məhdudlaşdırır. Təsəvvür edin, bu ailənin həyətindən beş irihəcmli boru xətti keçir. Özü də xətlərdən biri ilə dizel yanacağı daşınır, yəni boru xəttinə kənar müdaxilə ilə hazır məhsulun oğurlanması baş verə bilər.

Digər məsələ isə düz boru xəttinin dibinə əkilən ağac ilə bağlıdır. Fikir verin, ağac böyüdükcə onun gövdəsi boru ilə birləşib və hazırda bu ağac boru xətti üçün təhlükə yaradır. Bu borularda qəza baş versə, ilk növbədə, Aqilə Binnətovanın öz ailəsinə, daha sonra isə dövlətə, bir sözlə, hamımıza zərər dəymiş olacaq. Lakin SOCAR əməkdaşları Aqilə Binnətovanın həyətinə daxil olub, kəmərlərə lazım olan texniki qulluğu göstərə bilmir. Təbii ki, bu cür strateji boru xətlərinin nəzarətsiz qalması heç bir məntiqə sığmaz, ona görə də dəfələrlə ev sahibindən qanunsuz zəbt etdiyi ərazini boşaltması tələb olunub. Sonuncu xəbərdarlıqdan sonra Aqilə Binnətova üç gün ərzində zəbt etdiyi hissəni boşaldacağını bildirib, lakin bu dəfə də vədinə əməl etməyib. Belə olan halda boru xətlərinə nəzarəti təmin etmək üçün qanunsuz zəbt edilən ərazi hasarlardan təmizlənib.

Qeyd edək ki, neft kəmərlərinin mühafizə zonasındakı evlərin əksəriyyəti maklerliklə məşğul olan işbazlar tərəfindən gecəqondu formasında tələm-tələsik tikilərək satılıb. Onların əsas qurbanları isə ucuz ev axtaran imkansız ailələrdir. İlkin vaxtlarda ucuz ev aldığı üçün sevinən ailələr bu cür ərazidə yaşamağın fəsadlarını dərk etmirlər. Lakin sonradan bir çoxları belə təhlükəli, normal yaşayış üçün heç bir şəraiti olmayan ərazilərdə məskunlaşdıqları üçün peşman olurlar. SOCAR-ın Təhülkəsizlik İdarəsi insanları mümkün qədər bu ərazilərdə məskunlaşmaqdan çəkindirməyə, onların təhlükəsizliyini təmin etməyə çalışır. Çünki neft sızması nəticəsində partlayışlar baş verə bilər ki, bu da həmin ərazidə yaşayan sakinlərin həyatı üçün təhlükə yaradır. Lakin bəzən insanlar özlərini çıxılmaz vəziyyətdə görüb buna müqavimət göstərir, çünki artıq aldanıblar, bu qanunsuz işlərə bir qədər pul xərcləyiblər, elə buna görə də geri çəkilmək istəmirlər.

Son xəbərlər

Orphus sistemi