​Həbsdə olan generalın ailəsi əfv müraciəti yazıb

​Həbsdə olan generalın ailəsi əfv müraciəti yazıb Zakir Nəsirovun ailəsi dövlət başçısından onun əfv olunmasını xahiş edir
Hadisə
9 Mart , 2016 15:01
​Həbsdə olan generalın ailəsi əfv müraciəti yazıb

Bakı. 9 mart. REPORT.AZ/ Azərbaycan Daxili İşlər Nazirliyinin (DİN) Baş Cinayət Axtarış İdarəsinin sabiq rəisi, hazırda ömürlük həbsdə olan polis general-mayoru Zakir Nəsirovun həyat yoldaşı Prezident İlham Əliyevə müraciət ünvanlayıb.

"Report"un məlumatına görə, Z.Nəsirovun ailəsi Prezidentdən onun əfv olunmasını xahiş edir.

"Ailəmiz 11-ci ildir ki, səbirsizliklə Zakir Nəsirov barəsində çıxarılmış qanunsuz məhkəmə qərarlarının ləğv olunacağını, onun bəraət alacağını gözləyir və inanırıq ki, ümummilli liderimiz Heydər Əliyev cənablarının təbiri ilə desək, ədalət zəfər çalacaq. Zakir Nəsirov da, onun ailəsi də həmişə Azərbaycan dövlətinə, dövlətçiliyə, möhtərəm Prezidentimiz Sizə sadiq olmuşuq, Sizə olan inamımızı bir gün də olsun itirməmişik və itirmirik. Dövlətimizin rifahı üçün Sizin gördüyünüz işləri daim dəstəkləmişik, uğurlarınıza sevinmişik. İnanırıq ki, bizim səsimizi eşidəcəksiniz, Zakir Nəsirovun işinə yenidən ədalətlə baxılması üçün göstəriş verəcəksiniz. Amma bilirik ki, işə yenidən baxılması bir qədər mürəkkəb və uzun çəkən prosesdir. Zakir Nəsirov artıq 11-ci ildir ki, etmədiyi cinayətlərə görə həbsdədir. Onun yaşı 70-ə yaxınlaşır, səhhətində problemlər var. Sizə onun üçün müraciət edirik ki, bildiyimizə görə Novruz bayramı ərəfəsində Sizin tərəfinizdən növbəti əfv fərmanı veriləcəyi gözlənilir. Ümidvarıq ki, Sizin hümanistliyiniz sayəsində Zakir Nəsirov da əfv ediləcək, azadlığa, ailəsinə qovuşacaq”.

Qeyd edək ki, DİN-in sabiq baş əməliyyat müvəkkili Hacı Məmmədov və daha 26 nəfər 2005-ci ilin martın 9-dan 10-a keçən gecə keçmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) həyata keçirdiyi "Qara kəmər" əməliyyatı zamanı tutulub.

2007-ci il yanvarın 19-da Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə H.Məmmədova və daha 26 nəfərə hökm oxunub. Onlardan H.Məmmədov və Z.Nəsirova ömürlük həbs cəzası verilib.

Son xəbərlər

Orphus sistemi