“Məcburi köçkünlərin və qaçqınların hüquqları qorunmalıdır. Onların hüquqlarının pozulması müharibə cinayəti sayılır”.
“Report”un xəbərinə görə, bunu Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali komissarı Guido Ambrosso “İnsan hüquqlarının əsas təminatları” mövzusunda keçirilən konfransda deyib.
O, birinci Qarabağ müharibəsindən sonra Azərbaycana səfər etdiyini bildirib: “Mən o zaman çox çətin şəraitdə yaşayan yüzminlərlə insanın həyat şəraitini öz gözümlə görmüşəm. Biz bu çətinliklərin aradan qaldırılmasına çalışmışıq”.
Konfransda çıxış edən Baş prokuror Kamran Əliyev bildirib ki, Azərbaycan bu problemlərlə qarşılaşıb: “1990-cı ilin əvvəllərində mən müstəntiq işləyirdim. Azərbaycanda qaçqın şəhərcikləri vardı. Təəssüflər olsun ki, bu məsələlərə beynəlxalq səviyyədə o qədər də diqqət göstərilmirdi. Ancaq dövlətimiz bu problemin öhdəsindən gəldi və onlar üçün şəhərciklər tikdi. Cənab səfir də bu problemin canlı şahidi olub. Ona görə də Azərbaycandakı məcburi kökçünlərin problemlərini çox dəqiqliklə bilir”.