Yuxarı

Göyçayda qəzaya düşən ərin hadisədən əvvəl həyat yoldaşını qətlə yetirdiyi məlum olub

Meyit müayinə olunarkən üzərində çoxsaylı bıçaq xəsarətləri aşkar olunub

Bakı. 30 mart. REPORT.AZ/ Daxili İşlər Nazirliyi və Baş Prokurorluq bu gün Göyçayda baş verən avtomobil qəzası ilə bağlı birgə məlumat yayıb. 

Baş Prokurorluqdan "Report"a verilən xəbərə görə, bu gün saat 10 radələrində Göyçay-Ucar avtomobil yolunun, Göyçay rayonu ərazisində rayon sakini, 1973-cü il təvəllüdlü Abdullayev Fərhad Qubad oğlu idarə etdiyi VAZ 21074 markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirərək ağaca çırpılıb, nəticədə aldığı bədən xəsarətləri ilə rayon mərkəzi xəstəxanasına yerləşdirilib.

Rayon prokurorluğu və Polis Şöbəsinin əməkdaşları tərəfindən hadisə yerinə baxış zamanı avtomobilin arxa salonunda qadın meyiti aşkar edilib. Araşdırmalarla meyitin F.Abdullayevin arvadı, 1981-ci il təvəllüdlü Lamiyə Abdullayeva olması müəyyən edilib və meyit Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Göyçay rayon şöbəsində müayinə olunarkən üzərində çoxsaylı bıçaq xəsarətləri aşkar olunub.

Faktla bağlı Göyçay rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmış, müvafiq ekspertizalar təyin edilib. Aparılan istintaq-əməliyyat tədbirləri nəticəsində L.Abdullayevanın əri F.Abdullayev tərəfindən Ucar şəhərində yaşadıqları mənzildə qısqanclıq zəminində çoxsaylı bıçaq xəsarətləri yetirilərək qəsdən öldürüldüyü müəyyən edilib.

Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi