Goranboyun icra başçısı: "Cəbhədə baş verən son hadisələr zamanı 100-ə yaxın evə mərmi düşüb"

Goranboyun icra başçısı: "Cəbhədə baş verən son hadisələr zamanı 100-ə yaxın evə mərmi düşüb" "Hazırda sakinlər öz evlərində gündəlik məişət qayğıları ilə məşğul olurlar"
Hadisə
1207
13 Aprel , 2016 14:18
Goranboyun icra başçısı: Cəbhədə baş verən son hadisələr zamanı 100-ə yaxın evə mərmi düşüb

Bakı. 13 aprel. REPORT.AZ/  "Təmas xəttinin Goranboy istiqamətində erməni təxribatları zamanı rayonun cəbhəyanı kəndlərinə ciddi ziyan dəyib". Bunu "Report"a açıqlamasında Goranboy Rayon İcra Hakimiyyətinin (RİH) başçısı Nizaməddin Quliyev bildirib.

İcra başçısı qeyd edib ki, cəhbədə baş verən son hadisələr zamanı rayonun Tapqaraqoyunlu və Zeybə kəndlərinə daha çox ziyan dəyib: "Kəndlərdə kommunikasiya xətləri sıradan çıxıb. Ermənilər kəndləri daha çox top və qrad mərmisi ilə atəşə tutub. Nəticədə 100-ə yaxın evə, o cümlədən uşaq bağçasına mərmi düşüb. Kəndə düşən mərmilərin partlaması nəticəsində sakinlər arasında xəsarət alan olmasa da, 9 ev tamamilə yararsız hala düşüb, 60 baş mal-qara tələf olub".

N.Quliyev vurğulayıb ki, hazırda rayon Fövqəladə Hallar Komissiyasının (FHK) nümayəndələri tərəfindən cəbhəboyu kəndlərə dəyən ziyanın miqdarı hesablanır: "Erməni təxribatları zamanı zərər görmüş sakinlərə icra hakimiyyəti tərəfindən köməkliklər göstərilib və yardım olunub. Hazırda sakinlər öz evlərində gündəlik məişət qayğıları ilə məşğul olurlar". 

Son xəbərlər

Orphus sistemi