Yuxarı

Generalın bacısı oğlu məhkəmədə dindirilib

Bakı Ağır Cinayətlər Məhkəməsində dərman vasitələrinin qanunsuz dövriyyəsi və qaçaqmalçılıqda təqsirləndirilən xarici ölkə vətəndaşı Ateş Atanur, Dövlət Gömrük Komitəsinin (DGK) Tibbi Xidmət İdarəsinin rəisi, general Fikrət Qədiməliyev, Cəmil Mehtiyev, Əlamət Quliyev, Anar Məmmədov, Vasif Xıdırov, Elnur Məmmədov və Gömrük Hospitalının əməkdaşı Fərman Məmmədlinin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

"Report"un xəbərinə görə, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə şahid qismində Sultan Süleymanov ifadə verib.

O, DGK-nın Hava Nəqliyyatında Baş Gömrük İdarəsində inspektor işlədiyini, bu hadisələrdən sonra işdən çıxarıldığını bildirib.

S.Süleymanov söyləyib ki, idarədə işi anbardan qaimə ilə çıxarılan malların sayına nəzarət etmək olub.

Daha sonra suallara cavab verən şahid qeyd edib ki, idarənin keçmiş rəisi, general Sadiq Abduyevin göstərişi ilə iş yeri dəyişdirilib: "Mallar anbara - bizə çatana qədər bütün gömrük prosedurlarından keçirdi. Biz, sadəcə, malların qaimədə olan saya uyğun olaraq anbardan çıxarılmasına nəzarət edirdik".

Məhkəmədə məlum olub ki, S.Süleymanovun istintaqa verdiyi ifadəsində ziddiyyətlər var. O, ibtidai istintaqda deyib ki, S.Abduyevin göstərişi ilə Skanlaşdırma şöbəsində işə başlayıb.

Şahid vəkillərin suallarını cavablandırarkən bildirib ki, general S.Abduyev onun dayısıdır.

Məhkəmədə F.Məmmədlinin vəkilləri Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin sabiq rəisi S.Abduyevin, digər general F.Qədiməliyevin bacanağı və katibəsinin, Gömrük Hospitalında işləyən həkimlərin, Maliyyə Nazirliyinin hospitaldakı yoxlamalarla bağlı akt tərtib etmiş əməkdaşlarının məhkəmədə əlavə şahid qismində dindirilməsini, cinayət işinin materiallarına əlavə edilmiş diskə baxış keçirilməsini istəyiblər.

Vəsatətlər təmin edilməyib.

Daha sonra hakim məhkəmə istintaqının yekunlaşdığını elan edib.

Prokuror çıxış üçün məhkəmədən vaxt istəyib.

Proses martın 18-də davam etdiriləcək. 

Qeyd edək ki, Baş Prokurorluq, Dövlət Təhlükəsizliyi Xidməti (DTX) və Dövlət Gömrük Komitəsinin mətbuat xidmətlərinin birgə yaydığı məlumata əsasən, 30 aprel 2018-ci il tarixdə keçirilmiş birgə tədbirlər zamanı belə qanunsuz fəaliyyətlə məşğul olan mütəşəkkil dəstə müəyyən edilərək ifşa olunub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi