Yuxarı

FHN: Hazırda cənub bölgəsində yağıntının miqdarı azalıb və təhlükə qalmayıb

Suçəkmə və digər təxirəsalınmaz işlər davam etdirilir

Bakı. 31 oktyabr. REPORT.AZ/ Fövqəladə Hallar Nazirliyi (FHN) respublikanın cənub bölgəsində intensiv yağışların törətdiyi fəsadlar və onların nəticələrinin aradan qaldırılması ilə bağlı məlumat yayıb.

Nazirliyin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, son günlər yağan intensiv yağışlar Cəlilabad, Masallı və Lənkəran rayonlarının ərazisində bəzi fəsadlar törədib. Belə ki, bu ərazidə yerləşən bəzi çaylarda suyun səviyyəsi qalxaraq müəyyən yerlərdə çökək əraziləri, bəzi fərdi yaşayış evləri və sahələri basıb.

Dərhal Fövqəladə Hallar Nazirliyinin Mülki müdafiə qoşunlarının 38 nəfər zabit-gizir heyəti və 76 əsgəri, 13 ədəd texnikası, Xüsusi Riskli Xilasetmə Xidmətinin 21 nəfər şəxsi heyəti, 3 ədəd texnikası, Dövlət Sularda Xilasetmə Xidmətinin 15 nəfər şəxsi heyəti, 6 ədəd qayığı və Dövlət Yanğından Mühafizə Xidmətinin 20 nəfər şəxsi heyəti, 1 ədəd texnikası hadisə ərazisinə cəlb olunub, Cəlilabad rayonunda Əməliyyat qərargahı yaradılıb, rəhbər heyət bölgəyə ezam edilib. Görülmüş operativ tədbirlər nəticəsində Masallı rayonu, Təklə kəndində 68 evin sakini, Syobli kəndində 2 ailə (6 nəfər), Lənkəran rayonu, Qöyşaban kəndində 1 ailə (3 nəfər) təxliyyə edilib.

Göytəpə su anbarında suyun axınını tənzimləmək və yaranan təhlükəni aradan qaldırmaq üçün əlavə kanallar açılıb. Hazırda suyun səviyyəsi aşağı düşüb, yağıntının miqdarı azalıb və təhlükə qalmayıb.

Suçəkmə və digər təxirəsalınmaz işlər davam etdirilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi