"Falçı Səkinə"nin məhkəməsində iş adamının qardaşı dindirilib

"Falçı Səkinə"nin məhkəməsində iş adamının qardaşı dindirilib "Dedi ki, beş-altı aydan sonra ya xan ölər, ya da eşşək"
Hadisə
29 Sentyabr , 2017 15:07
Falçı Səkinənin məhkəməsində iş adamının qardaşı dindirilib

Bakı. 29 sentyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Səkinə İsmayılovanın cinayət işi üzrə növbəti məhkəmə prosesi davam etdirilib.

"Report"un məlumatına görə, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə şahid qismində iş adamı Barat Abdullayevin qardaşı Nazim Abdullayev dindirilib.

O, istintaqa verdiyi ifadəni təsdiqlədiyini deyib. N.Abdullayev dindirilərkən bildirib ki, həmin ərəfədə qardaşı Barat Badullyevin ailəsində münaqişə olub: "Bir qədər sonra araşdırmalar aparıldı. Həmin vaxt məlum oldu ki, evin "kupça"sı yoxdur. Bu zaman qardaşım Təyminədən evin "kupça"sı barədə soruşdu. Təyminə "kupça"nı banka qoyub 250 min manat pul götürdüyünü və həmin pulla Səkinə adlı qadından gözəllik salonu aldığını söylədi. Biz ondan gözəllik salonunun yerini göstərməsini istədik, amma yerini bilmədiyini dedi. Sonra həmin salonun Əhmədlidə olduğunu öyrəndik və gedib ora baxdıq. Salon 20 kvadratmetrlik obyekt idi. Nə qədər eləsək də Səkinəni tapa bilmədik. Salondan da dedilər ki, Səkinə adlı qadını tanımırlar. Bu barədə Təyminə özü polisə şikayət etdi. Səkinəni polisə gətirdilər. Polis bölməsində bizə məlum oldu ki, onların arasında əvvəl də danışıqlar olub".

Şahid qeyd edib ki, S.İsmayılova ilə T.Abdullayeva arasında səs yazısı olub: "Həmin səs yazısında Təyminə Səkinəyə "ərim və qaynım işdən xəbərdardır" deyib. Təyminə həmin danışıqda söyləyib ki, "gəl aramızda borc müqaviləsi bağlayaq, sonra da pulu özüm ödəyəcəm". Hətta Təyminə Səkinəyə bildirib ki, "beş-altı aydan sonra ya xan ölər, ya da eşşək". Başqa sözlər də var idi, amma demək istəmirəm".

Məhkəmədə şahid qismində Barat Abdullayevin də dindiriləcəyi elan olunub.

Növbəti proses oktyabrın 6-na təyin edilib.

Xatırladaq ki, Təyminə Abdullayeva barəsində əri Barat Abdullayevin şikayəti əsasında cinayət işi açılıb.

B.Abdullayev şikayətində bildirib ki, arvadı birgə nikahdan olan yaşayış sahəsini satıb, pulunu ələ keçirmək istəyib. Bu məqsədlə yeni şəxsiyyət vəsiqəsini saxtalaşdırıb. Yeni şəxsiyyət vəsiqəsində ailəli yox, subay olduğunu yazdırıb. Həmin sənəddən istifadə edərək qeyd edilən mənzili 250 min manata özgəninkiləşdirərək ona 890 min manat məbləğində ziyan vurub.

B.Abdullayev şəxsi bizneslə məşğuldur. Onun Bakıda hotelinin, ticarət obyektlərinin olduğu bildirilir. B.Abdullayev həyat yoldaşından boşanmaq üçün məhkəməyə müraciət edib.

T.Abdullayeva ərinin dedikəri ilə razılaşmayaraq söyləyib ki, pullarını Səkinə İsmayılova adlı falçı ələ keçirib. S.İsmayılova ondan fala baxmaq adı ilə əvvəlcə 20 min, sonra isə 10 min manat pul alıb. Daha sonra onun evini banka girov qoyaraq pul götürüblər. T.Abdullayeva iddia edir ki, "falçı Səkinə" onun pullarını və əmlakını ələ keçirib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə T.Abdullayeva 8 il müddətinə azadlıqdan məhrum edilib. O, məhkəmə zalından həbs olunub.

T.Abdullayevanın işi davam edən ərəfədə S.İsmayılova da həbs edilib.

Son xəbərlər

Orphus sistemi