Yuxarı
    Bağlamaq

    Əhalinin hər 100 min nəfərinə hesabı ilə qeydə alınan cinayət hadisələrinin sayı açıqlanıb

    Onların 56,6 faizi az ağır, 29,1 faizi böyük ictimai təhlükə törətməyən, 14,3 faizi ağır və xüsusilə ağır cinayətlərə aiddir

    Bakı. 17 fevral. REPORT.AZ/ Azərbaycanda ötən il 26 611 cinayət faktı qeydə alınıb ki, bu da 2015-ci ilin göstəricisinə nisbətən 1,1 faiz azdır.

    “Report” xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin yaydığı məlumatda bildirilib.

    Daxili İşlər Nazirliyinin məlumatlarına əsasən, əhalinin hər 100 min nəfərinə hesabı ilə qeydə alınan cinayət hadisələrinin sayı da əvvəlki illə müqayisədə 2,2 faiz azalaraq 271 olub. Onların 56,6 faizi az ağır, 29,1 faizi böyük ictimai təhlükə törətməyən, 14,3 faizi ağır və xüsusilə ağır cinayətlərə aiddir.

    Cinayətlərin strukturunda 4 618 hadisə şəxsiyyət əleyhinə, 13 560 hadisə iqtisadi sahədə törədilən, 7 015 hadisə ictimai təhlükəsizlik və ictimai qayda əleyhinə, 1384 hadisə dövlət hakimiyyəti əleyhinə (o cümlədən, 241 hadisə korrupsiya cinayətləri və qulluq mənafeyi əleyhinə olan digər cinayətlər), 34 hadisə isə digər cinayətlərdir.

    Qeydə alınan şəxsiyyət əleyhinə olan cinayətlərdən 245-i qəsdən adam öldürmə və adam öldürməyə cəhd, 353-ü qəsdən sağlamlığa ağır zərər vurma, 43-ü ehtiyatsızlıqdan adam öldürmə, 141-i insan alveri, 17-si adam oğurluğu (onlardan 11-i evlənmək məqsədilə qadın oğurluğu), 18-i əzab vermə cinayətlərinə aiddir.

    Hesabat dövründə 211 cinayət hadisəsi xarici ölkələrin, onların 37-si isə MDB-yə üzv olan ölkələrin vətəndaşları tərəfindən törədilib.

    Keçən il əvvəlki illə müqayisədə həyat və sağlamlıq əleyhinə olan cinayətlərdə 1,7 faiz, insan alveri ilə bağlı cinayətlərdə 6,0 faiz, şəxsiyyətin cinsi toxunulmazlığı və cinsi azadlığı əleyhinə olan cinayətlərdə 3,7 faiz, iqtisadi fəaliyyət sahəsində olan cinayətlərdə 64,2 faiz, ictimai təhlükəsizlik əleyhinə olan cinayətlərdə 9,8 faiz, ictimai mənəviyyat əleyhinə olan cinayətlərdə 21,4 faiz, hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrin istismarı qaydaları əleyhinə olan cinayətlərdə 4,0 faiz azalma, şəxsiyyətin azadlığı və ləyaqəti əleyhinə olan cinayətlərdə 16,7 faiz, mülkiyyət əleyhinə olan cinayətlərdə 13,0 faiz, korrupsiya cinayətləri və qulluq mənafeyi əleyhinə olan digər cinayətlərdə isə 10,0 faiz artım müşahidə olunub. Bu dövr ərzində yetkinlik yaşına çatmayanlar tərəfindən törədilən cinayətlər 7,9 faiz, onlara qarşı törədilən cinayətlər isə 10,4 faiz azalıb.

    2016-cı ildə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar 3 389 cinayət hadisəsi qeydə alınıb ki, bu da 2015-ci illə müqayisədə 7,4 faiz çoxdur.

    2016-cı ildə cinayət törətmiş şəxslərin 83,4 faizi cinayət məsuliyyətinə cəlb olunub ki, onların da 77,8 faizi əmək qabiliyyətli yaşda olub, heç bir yerdə oxumayan və işləməyənlər, 18,3 faizi əvvəllər də cinayət törətmiş şəxslərdir. Cinayət törətmiş şəxslərin arasında qadınların xüsusi çəkisi 6,2 faiz, yetkinlik yaşına çatmayan uşaqların payı isə 2,7 faiz təşkil edib.

    Qeydə alınmış 897 cinayət hadisəsi məişət zorakılığı ilə bağlı olub ki, onların da 9,6 faizi əvvəllər də cinayət törətmiş şəxslər tərəfindən törədilmişdir. 58 cinayət hadisəsi sərxoş vəziyyətdə törədilib. Məişət zorakılığı nəticəsində baş verən cinayətlərin 4,2 faizi qəsdən adam öldürmə və adam öldürməyə cəhd, 2,5 faizi qəsdən sağlamlığa ağır zərər vurma, 91,5 faizi qəsdən sağlamlığa az ağır və yüngül zərər vurma, 0,7 faizi əzab vermə, 1,1 faizi isə digər cinayətlərə aiddir.

    Qəsdən adam öldürmə və adam öldürməyə cəhd cinayətlərində 11,8 faiz, qəsdən sağlamlığa ağır zərər vurma cinayətlərində 22,2 faiz artım, qəsdən sağlamlığa az ağır zərər vurma cinayətlərində 15,8 faiz, öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə cinayətlərində 75,0 faiz, digər cinayətlərdə isə 53,3 faiz azalma müşahidə olunub. Məişət zorakılığı nəticəsində zərərçəkənlərin sayı 3,6 faiz artaraq 1031 nəfər, ölənlərin sayı isə 18,6 faiz artaraq 51 nəfər olub.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi