Yuxarı
    Bağlamaq

    DYP: “Hava şəraiti ilə əlaqədar Bakıda 4 yol qəzası qeydə alınıb”

    Yağıntının normadan artıq olması bəzi istiqamətlər üzrə sıxlığın yaranmasına səbəb olub

    Bakı. 29 sentyabr. REPORT.AZ/ "Yağmurlu hava şəraiti ilə əlaqədar olaraq, Bakı şəhəri ərazisində 4 yol-nəqliyyat hadisəsi qeydə alınıb".

    Bunu "Report"a açıqlamasında Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) Dövlət Yol Polisi İdarəsi  (DYPİ) İctimai əlaqələr bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov deyib.

    O bildirib ki, yağıntının normadan artıq olması Bakı şəhərində bəzi istiqamətlər üzrə sıxlığın yaranmasına səbəb olub: "Xüsusilə Dərnəgül şosesi, Aeroport yolu, Bakı-Sumqayıt yolu, Tbilisi prospekti, Babək prospekti, Biləcəri və digər küçə və yollarda yağış suları daha çox gölməçə yaradıb. Bu səbəbdən də maddi ziyan ilə nəticələnən dörd avtomobil qəzası qeydə alınıb. Avtomobil qəzalarına səbəb yol və meteoroloji şəraitin sürücülər tərəfindən nəzərə alınmamasıdır".

    V.Əsədov əlavə edib ki, hava şəraitindən asılı olmayaraq, sürücü nəqliyyat vasitəsini elə idarə etməlidir ki, yol-qəza hadisəsi baş verməsin: "Yolun asfalt örtüyünün səthinin yaş olması zamanı əyləc sistemindən tez-tez istifadə etmək sürüşmə məsafəsini artırır. Bu da yol-qəza hadisələrinin yaranmasına şərait yaradır. Yol hərəkəti haqqında qanunda deyilir ki, sürücü hərəkətdən və şəraitdən asılı olaraq, yol və meteoroloji şəraiti də nəzərə almaqla elə sürət həddi seçməlidir ki, hərəkət istiqamətində hər hansı bir təhlükə yaranarsa həmin təhlükədən vaxtında yayına bilsin".

    O xatırladıb ki, ötən gecə hava şəraiti ilə əlaqədar olaraq, Bakının küçə və prospektlərində sürət həddi minimuma endirilib: "Bu gün səhər saatlarından etibarən sürət həddi bərpa olunub".

    Bölmə rəisi sürücülərə bir daha xəbərdarlıq edərək bildirib ki, yol və meteoroloji şəraitə uyğun sürət həddi ilə hərəkət etsinlər: "Bu qanunun tələbidir. İnzibati xətalar məcəlləsinin müvafiq maddəsində əks olunur. Hava şəraiti ilə əlaqədar sürücülər sürət həddini minimuma endirməli, ara məsafəsini normadan artıq saxlamalı, əyləc sistemindən düzgün istifadə olunmalı və texniki cəhətdən saz olan avtomibillərin istismarına üstünlük verilməlidir. İstismara yararsız avtomobilləri idarə etmək qanunla qadağandır. Ötən gecə Bakı şəhərinin bəzi yollarında sıxlığın yaranması da, nasaz avtomobillərin yollarda qalması ilə bağlı idi".

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi