Yuxarı

DSX Azərbaycanda axtarışda olan 391 nəfəri aşkarlayıb

7 kiloqram 498 qram narkotik maddənin dövlət sərhədindən keçirilməsinin qarşısı alınıb

Bakı. 14 mart. REPORT.AZ/ Dövlət Sərhəd Xidməti fevral ayı ərzində dövlət sərhədini pozduqları üçün 22 halda 34 nəfər saxlayıb, onların 11 nəfəri Azərbaycan, 9 nəfəri İran, 4 nəfəri Qana, hər ölkədən 2 nəfər olmaqla Pakistan, Özbəkistan, Ukrayna və hər ölkədən 1 nəfər olmaqla Moldova, Gürcüstan, Banqladeş və Filippin vətəndaşları olub.

Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən "Report"a verilən məlumata görə, sərhəd rejim qaydalarını pozduqları üçün yaşıl sərhəddə 2 halda 4 nəfər, Xəzər dənizində 14 halda 25 nəfər saxlanılaraq barələrində müvafiq tədbirlər görülüb.

Cinayətkarlığa qarşı mübarizə tədbirləri nəticəsində Azərbaycan hüquq-mühafizə orqanları axtarışda olan 391 nəfər aşkarlayaraq aidiyyəti orqanlara təhvil verib.

Narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə tədbirləri nəticəsində 6 halda 7 kiloqram 498 qram narkotik maddənin dövlət sərhədindən keçirilməsinin qarşısı alınıb.

Qaçaqmalçılıq fəaliyyətinə qarşı mübarizə çərçivəsində həyata keçirilmiş tədbirlər nəticəsində 59 halda ümumi dəyəri təqribən 376 min manat olan qaçaqmal, o cümlədən 1 ədəd TOZ-8 markalı tüfəng, 1 ədəd 7,62 mm-lik güllə, 25 kq barıt, 1 ədəd “Drond” markalı uçuş aparatı, 15636 qutu siqaret, 30920 Azərbaycan manatı, 569000 Rusiya rublu, 30 baş buzov, 6 baş at, müxtəlif növ dərman preparatları, spirtli içkilər, ərzaq və sənaye malları saxlanılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi