Yuxarı

Dövlət Sərhəd Xidmətinin rəisi aviasiya dəstəsinin yeni qarnizon kompleksi ilə tanış olub - FOTO

Tədbir zamanı yeni alınmış xüsusi texnikaya baxış keçi­rilib

Bakı. 31 dekabr. REPORT.AZ/ Dövlət Sərhəd Xidmətinin aviasiya dəstəsinə Döyüş Bayrağının təqdim edilməsi, dəstənin yeni inşa olunmuş qarnizon kompleksinin, əsaslı şəkildə yenidən qurulmuş texniki-istismar sahəsinin xidməti istifadəyə verilməsi və yeni alınmış xüsusi texnikaya baxış keçi­rilməsi məqsədilə təntənəli mərasim keçirilib. Bu barədə "Report"a Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən məlumat verilib.

Dövlət Sərhəd Xidmətinin rəisi, Sərhəd Qoşunlarının komandanı general-polkovnik Elçin Quliyev şəxsi heyəti hərbi hissənin yeni qarnizon kompleksinin və texniki-istismar sahələrinin xidməti istifadəyə verilməsi, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramları münasibəti ilə təbrik edib, hərbi hissənin şərəf, şöhrət və şücaət rəmzi olan Döyüş Bayrağını təqdim edib.

Tədbirdə Heydər Əliyevin göstərişinə əsasən, Səngəçal hərbi aerodromunun 2002-ci ildə Dövlət Sərhəd Xidmətinə verilməsi ilə Azərbaycan Sərhəd Mühafizəsi tarixində ilk dəfə aviasiya dəstəsinin yaradılması, Prezident, Silahlı Qüvvə­lə­rin Ali Baş Komandanı İlham Əliyevin Azərbaycan Sərhəd Mühafizəsinə göstərdiyi diqqət və qayğı sayəsində aviasiya dəstəsinin maddi-texniki bazasının xeyli möhkəmləndirilməsi, şəxsi heyət üçün yüksək xidmət və məişət şəraitinin yaradılması xüsusi qeyd edilib, əsaslı tikinti və təmir işlərindən sonra ən müasir tələblərə cavab verən qarnizon kompleksinin istifadəyə verilməsinin bu ali diqqətin növbəti təzahürü olduğu vurğulanıb.

E.Quliyev hərbi hissənin qərargahına, kazarma binasına, əsgər yeməkxanasına, istirahət otağına və zabit yeməkxanasına baxış keçir­miş, şəxsi heyət üçün yaradılmış şəraitlə tanış olub. Hərbi hissədə inşa edilmiş tibb məntəqəsinə baxış zamanı şəxsi heyətə yüksək səviyyədə tibbi xidmət göstərilməsi üçün bütün şəraitin yaradılması, məntəqənin müasir tibbi avadanlıq və vasitələrlə təmin olunması nümayiş olunub.

Yeni inşa olunmuş avtomobil parkında xüsusi təyinatlı müxtəlif avto­texnikanın təqdimatı keçirilib. Sonra yeni çəkilmiş avtomobil yolu ilə helikopter anqarlarına hərəkət zamanı hərbi hissənin idman meydan­çasının, yeni yaradılmış qalxma və enmə zolaq­larının, eləcə də digər yeni tikililərin təqdimatı olub.

Aviasiya dəstəsinin texniki-istismar hissəsinin əhəmiyyətli sahəsi olan helikopter anqarları ilə tanışlıq zamanı əsas para­metrlərinə görə ən müasir tələblərə cavab verən anqarlarda xidməti yüksək texniki tələblər səviy­yəsində təşkil etmək üçün lazımi şərait yara­dılması məruzə olunub. Burada yerləşən xidmə­ti otaqlar lazımi alət, avadanlıq və texniki vasitələrlə təmin edilib. Anqarlarda helikop­terlərin silah sistemlərinin və yerüstü avadanlıqlarının təqdimatı olub.

Xidməti istifadəyə verilmiş komanda-idarəetmə mərkəzin­də əsaslı yenidənqurma və təkmilləşdirmə işləri aparılıb. Müasir tələblərə cavab verən texniki avadanlıqlarla təchiz edilib idarəetmə mərkəzi ilə tanışlıq­dan sonra qrup tərkibində uçuşların izlənməsi və uçuş­ların idarə edilmə­sinin təqdimatı olub

Xidmətdə yüksək nəticələr göstərmiş bir qrup hərbi qulluqçu təltif edilib.

Tədbirin sonunda Dövlət Sərhəd Xidmətinin rəisi E.Quliyev şəxsi heyətlə birgə nahar edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi