Yuxarı
    Bağlamaq

    "Dostluq" parkı ərazisinin qanunsuz alqı-satqısını həyata keçirməkdə təqsirləndirilən şəxs məhkəmə zalında həbs edilib

    Vəkil məhkəmə istintaqının təzələnməsini istəyib

    Bakı. 16 sentyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində "Dostluq" parkının ərazisindəki torpaq sahələrinin alqı-satqısını qanunsuz olaraq həyata keçirməkdə təqsirləndirilən Famil Quliyev, Etibar Məmmədov və Tərlan Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

    "Report"un xəbərinə görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə T.Hüseynovun vəkili İlhamə Həsənova vəsatətlə çıxış edib.

    O, məhkəmə istintaqının təzələnməsini istəyib. Vəsatət təmin edilməyib.

    Daha sonra T.Hüseynov vəkilindən imtina etdiyini bildirib.

    Məhkəmənin qərarı ilə T.Hüseynovun barəsində olan ev dustaqlığı ləğv edilərək, həbs qətimkan tədbiri ilə əvəzlənib.

    Məhkəmənin növbəti iclası sentyabrın 19-na təyin edilib.

    Xatırladaq ki, dövlət ittihamçısı çıxışında E.Məmmədovun 11 il, F.Quliyevin 10 il və T.Hüseynov isə 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

    Qeyd edək ki, "Dostluq" parkında qanunsuz tikilən villaların sökülməsi ilə bağlı Prezident İlham Əliyev ötən il keçirdiyi müşavirədə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbova tapşırıq verib. Tapşırığa əsasən, həmin parkdakı villaların sökülməsinə başlanılıb. Bundan sonra cinayət işi başlanılıb və Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) əməkdaşları 1972-ci il təvəllüdlü Hüseynov Tərlan Kərim oğlunu istintaqa cəlb ediblər. T.Hüseynov barəsində BŞBPİ-nin İstintaq İdarəsində Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb. Xətai rayon Məhkəməsinin qərarı ilə T.Hüseynov barəsində 3 ay müddətinə həbs qətimkan qərarı çıxarılıb. Daha sonra 7 saylı Mənzil Kommunal İstismar Sahəsinin (MKİS) rəisi Quliyev Famil Əhməd oğlu və Səbail rayonu Bibiheybət bələdiyyəsinin baş memarı Etibar Məmmədov tutulub. Bir müddətdən sonra T.Hüseynovun barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəzlənib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi