Bakı. 4 mart. REPORT.AZ/ Azərbaycanda ağır və xüsusilə ağır cinayətlər, quldurluq, oğurluq törətməkdə təqsirləndirilən dəstənin daha 4 üzvü saxlanılıb.
"Report" Daxili İşlər Nazirliyi (DİN) və Baş Prokurorluğun birgə yaydığı məlumata əsasən xəbər verir ki, əməliyyat-axtarış tədbirlərinin davamı olaraq, həmin cinayətkar dəstənin daha bir neçə üzvü - Xəlil Məmmədov, Rəşad Səfəralıyev, Şakir Məmmədov və İlqar Abdullayev tutularaq məsuliyyətə cəlb olunublar. Polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən həyata keçirilən istintaq hərəkətlərinin, bu şəxslərə məxsus evlərə baxış zamanı da 5 ədəd əl qumbarası, 1 tapança, 160 müxtəlif çaplı patron tapılaraq götürülüb və müvafiq qaydada sənədləşdirilib.
Qeyd edək ki, bir neçə gün əvvəl bu dəstənin digər üzvləri, ötən il noyabrın 24-də Qəbələ şəhər sakini, iş adamı Vahid Vahabovu odlu silahla qətlə yetirməkdə, həmçinin vətəndaşlara ağır xəsarətlər yetirməkdə, onlara məxsus avtomobilləri qaçırmaqda şübhəli bilinən Nurəddin Xəlilov, Müşfıq Mikayılov, Zaur Əliyev və Pərviz Şıxəliyev həbs olunublar. Saxlanılarkən onlardan və axtarış zamanı yaşadıqları mənzillərdən xeyli miqdarda odlu və soyuq silah-sursat götürülüb
Mütəşəkkil dəstənin digər üzvlərinin tapılıb tutulmaları, onların başqa cinayətlərdə iştiraklarının müəyyənləşdirilməsi istiqamətində zəruri əməliyyat-axtarış və istintaq tədbirləri davam etdirilir.