Cəlilabad meşəsində yanğın baş verib

Cəlilabad meşəsində yanğın baş verib Yanğının səbəblərinin və dəymiş ziyanın müəyyənləşdirilməsi istiqamətində araşdırma aparılır
Hadisə
15 İyul , 2016 16:11
Cəlilabad meşəsində yanğın baş verib

Bakı. 15 iyul. REPORT.AZ/ Cəlilabad Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin Cəlilabad meşəbəyliyinin 4 saylı dolayında iyulun 15-də saat 14:00 radələrində yanğın baş verib.

Bu barədə "Report"a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətindən məlumat verilib. 

Nazirlikdən bildirilib ki, naməlum səbəblərdən baş verən yanğın ETSN və Fövqəladə Hallar Nazirliyinin yerli qurumlarının əməkdaşlarının birgə səyləri nəticəsində qısa müddət ərzində söndürülüb.

Xəbərə görə, yanğın 50 sot ərazini əhatə edib, ağaclara ziyan dəyməyib, quru ot və kol örtüyü yanıb.

Nazirliyin məlumatına görə, yanğının baş vermə səbəblərinin və dəymiş ziyanın müəyyənləşdirilməsi istiqamətində araşdırma aparılır: "Təəssüflə qeyd edirik ki, yanğın hadisələrinin əksəriyyəti vətəndaşların ehtiyatsızlığı və etinasızlığı səbəbindən baş verir. Bir tərəfdən ağacların kəsilməsi zamanı etiraz səsini qaldıran vətəndaşın özü, digər tərəfdən etinasızlıq göstərərək meşə zolaqlarının yanaraq məhvinə səbəb olur. Belə ki, bəzi vətəndaşlar taxıl biçinindən sonra biçənəklərə od vurur, yaxud da istirahət məqsədilə nəzərdə tutulmayan yerlərdə tonqal qalayır və ya yanan siqaret kötüyünü yerə atır. Nəzərə almırlar ki, belə addımların nəticəsində hektarlarla meşə örtüyü ani vaxt içərisində məhv ola bilər".

Nazirlik havaların isti keçməsi ilə əlaqədar əhalini bir daha təbiətdə olarkən odla ehtiyatlı olmağa, taxıl məhsullarının biçini zamanı yanğın təhlükəsizliyi normalarına riayət etməyə, söndürülməmiş siqaret kötüklərini ətrafa atmamağa, yanğın təhlükəsizliyi qaydalarına əməl etməyə çağırır.

Son xəbərlər

Orphus sistemi