Binəqədidə yanan binaya görə tutulan şəxslərin məhkəməsi davam etdirilib: "FHN əməkdaşları materiallardan nümunə götürmüşdü" - YENİLƏNİB

Binəqədidə yanan binaya görə tutulan şəxslərin məhkəməsi davam etdirilib: "FHN əməkdaşları materiallardan nümunə götürmüşdü" - YENİLƏNİB Miryusif Mahmudov: "Şirkətim qanuni şəkildə fəaliyyət göstərib"
Hadisə
8 Noyabr , 2016 14:49
Binəqədidə yanan binaya görə tutulan şəxslərin məhkəməsi davam etdirilib: FHN əməkdaşları materiallardan nümunə götürmüşdü - YENİLƏNİB

*** ilk xəbər saat 13:25-də yayımlanıb

Bakı. 8 noyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Binəqədi rayonu ərazisində çoxmərtəbəli yaşayış binasında baş verən yanğın hadisəsində təqsirləndirilən Miryusif Mahmudov, Ələkbər Əsgərov, Uğur Bəşirov, Qəzənfər Novruzov, Ədalət Rəcəbov, Nizami Orucov, Ağacavad Məmmədov və Akif Əlibəyovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

"Report”un məlumatına görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən proses ötən iclasda ifadə verən "QlobalStone” MMC-də çalışmış şahid Rizvan Mehdiyevin dindirilməsi davam etdirilib. O, vəkillərin suallarını cavablandırıb. Şahid Xətaidə binada baş verən yanğından sonra Fövqəlada Hallar Nazirliyinin (FHN) əməkdaşlarının onların zavoda gəlib, qəliblərdən nümunə götürdürdüklərini bildirib.

Təqsirləndirilən U.Bəşirov da FHN-in əməkdaşlarının onların şirkətindən həmin materialların nümunələrini götürdüklərini deyib. M.Mahmudov bildirib ki, şirkəti qanuni şəkildə fəaliyyət göstərib.

Günün ikinci yarısında davam etdirilən prosesdə vəkillər zərərçəkmişlər - Aytən Rəsulov, İlqar Məmmədov və Ülvi Hüseynovun məhkəmədə ifadə vermələrini tələb ediblər.

Hakim bildirib ki, zərərçəkmişlərin bir neçəsi ölkə xaricindədir. O, həmin şəxslərin istintaqa verdikləri ifadələri məhkəmədə elan edib: "Xəyalə Hidayətova ifadəsində qeyd edib ki, hadisə günü evdə anası və uşağı ilə olub. Hadisə nəticəsində əmlakı yanıb, xəsarət almadıqlarını deyib".

Hakim məhkəməyə gəlməyən şahidlərin barəsində məcburi gətirilmə ilə bağlı qərar çıxarıldığını söyləyib.

Daha sonra M.Mahmudovun vəkili vəsatətlə çıxış edib. O, vəsatətində yanğın baş verən binanın yanında inşa edilən tikilinin sənədlərinin müvafiq qurumlardan alınmasını istəyib.

Təqsirləndirilən N.Orucovun vəkili Vasif Həsənov vəsatətin təmin edilməməsini tələb edib. Digər vəkillər isə vəsatətin təmin edilməsini istəyiblər.

Vəsatət baxılmamış saxlanılıb.

Məhkəmənin növbəti iclası noyabrın 10-na təyin edilib.

Qeyd edək ki, 2015-ci il may ayının 19-da paytaxtın Binəqədi rayonu ərazisində çoxmərtəbəli yaşayış binasında ağır nəticələrə səbəb olan yanğın hadisəsi baş verib. Yanğın nəticəsində 15 nəfər ölüb, 50 nəfər xəsarət alıb.

Qulluq mənafeləri tələb etdiyi halda səlahiyyətlərindən istifadə etməmələri nəticəsində vətəndaşların və dövlətin hüquqlarına və qanunla qorunan mənafelərinə mühüm zərər vurmalarında kifayət qədər əsaslar olduğundan binanın üzlənməsində istifadə olunan “poliuretan” məmulatını istehsal edən “QlobalStone” MMC-nin baş direktoru Bəşirov Uğur Firuz oğlu, “Global Construction” MMC-nin təsisçisi və idarə heyətinin sədri Mahmudov Miryusif Mircəfər oğlu, həmin cəmiyyətin İdarə Heyətinin sədr müavini Əsgərov Ələkpər İldırım oğlu, Binəqədi rayon İcra Hakimiyyəti başçısının sabiq birinci müavini Novruzov Qəzənfər Məhərrəm oğlu, 2012-2013-cü illərdə Binəqədi rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin rəisi işləmiş rayon İcra HakimiyyətininTəsərrüfat şöbəsinin müdiri Rəcəbov Ədalət Şəmsəddin oğlu, Binəqədi rayonu, 72 saylı Mənzil Kommunal İstismar Sahəsinin rəisi Orucov Nizami Qara oğlu Cinayət Məcəlləsinin 225.2 (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və digər ağır nəticələrə səbəb olduqda) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə, “poliuretan” məmulatlarının sınaq yoxlamalarını keçirən “Dərnəgül Boru Zavodu” Qapalı Səhmdar Cəmiyyətinin sınaq laboratoriyasının müdiri Məmmədov Ağacavad Hacı oğlu Cinayət Məcəlləsinin 308.2 və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə, “poliuretan” məmulatlarına dair texniki şərtləri razılaşdırmış Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin baş direktoru Əlibəyov Akif Muradəli oğlu Cinayət Məcəlləsinin 308.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq onlara həmin maddələrdə nəzərdə tutulan ittihamlar elan edilib.

A.Əlibəyov və A.Məmmədov barəsində isə həbs qətimkan tədbiri seçilməyib.

Son xəbərlər

Orphus sistemi