Yuxarı

Binəqədi rayonunda çoxmərtəbəli yaşayış binasında baş verən yanğınla bağlı cinayət işi məhkəməyə göndərilib

İşə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılacaq

Bakı. 14 may. REPORT.AZ/ Bakının Binəqədi rayonu ərazisində çoxmərtəbəli yaşayış binasında baş verən və 15 nəfərin ölümü, 50 nəfərin xəsarət almasına səbəb olan yanğın hadisəsi ilə bağlı cinayət işinin ibtidai istintaqı başa çatıb.

“Report”un məlumatına görə, cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Qeyd edək ki, 2015-ci il mayın 19-da paytaxtın Binəqədi rayonu ərazisində çoxmərtəbəli yaşayış binasında ağır nəticələrə səbəb olan yanğın hadisəsi baş verib. Yanğın nəticəsində 15 nəfər ölüb, 50 nəfər xəsarət alıb.

Hadisə ilə bağlı Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb, Baş Prokurorluğun, Daxili İşlər və Fövqəladə Hallar nazirliklərinin təcrübəli əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb. Cinayət işi üzrə zəruri və təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri həyata keçirilməklə hadisənin çoxlu sayda zərərçəkmişləri və şahidləri dindirilib. Qulluq mənafeləri tələb etdiyi halda səlahiyyətlərindən istifadə etməmələri nəticəsində vətəndaşların və dövlətin hüquqlarına və qanunla qorunan mənafelərinə mühüm zərər vurmalarında kifayət qədər əsaslar olduğundan binaların üzlənməsində istifadə olunan “poliuretan” məmulatını istehsal edən “Qlobal Stone” MMC-nin baş direktoru Uğur Bəşirov, “Global Construction” MMC-nin sədr müavini Ələkbər Əsgərov, 2012-2013-cü illərdə Binəqədi rayon mənzil-kommunal təsərrüfat birliyinin rəisi işləmiş rayon icra hakimiyyətinin təsərrüfat şöbəsinin müdiri Ədalət Rəcəbov və Binəqədi rayonu, 72 saylı mənzil-kommunal istismar sahəsinin rəisi Nizami Orucov Cinayət Məcəlləsinin 225.2-ci (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və digər ağır nəticələrə səbəb olan yanğın təhlükəsizliyi qaydalarını pozma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində məhkəmənin qərarları ilə həbs qətimkan tədbiri seçilib. Tutulanlar arasında “GLOBAL” Şirkətlər Qrupunun rəhbəri Miryusif Mahmudov da var. O, Azərbaycanın Tacikistandakı səfiri Abbasəli Həsənovun qudasıdır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi