Biləsuvarda dağıntılar altında qalan şəxsin meyiti çıxarılıb - YENİLƏNİB-4

Hadisə
  • 25 aprel, 2023
  • 05:54
Biləsuvarda dağıntılar altında qalan şəxsin meyiti çıxarılıb - YENİLƏNİB-4

Biləsuvarda baş vermiş partlayış hadisəsi ilə bağlı aparılmış axtarış-xilasetmə işləri nəticəsində 1988-ci il təvəllüdlü Günay Əliyevanın meyiti dağıntılar altından aşkar edilib.

"Report"un xəbərinə görə, rayon prokurorluğundan bildirilib ki, bundan öncə Günay Əliyevanın iki övladı yaralı halda xilas edilərək xəstəxanaya yerləşdirilib. Hazırda onların müalicəsi davam edir.

Beləliklə də, faktla bağlı Biləsuvar Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (ağır nəticələrə səbəb olan səhlənkarlıq) maddəsi ilə başlanmış cinayət işinin ibtidai istintaqı davam etdirilir.

00:53

Biləsuvarda partlayış nəticəsində dağıntılar altında qalan şəxsin meyiti çıxarılıb.

"Report"un Muğan bürosunun məlumatına görə, Günay Əliyevanın meyiti xilasedicilər tərəfindən çıxarılıb.

Qeyd edək ki, bundan öncə onun iki övladı yaralı halda xilas olunmuşdu.

21:56

Biləsuvarda baş verən partlayış hadisənin bəzi təfərrüatları məlum olub.

"Report"un əldə etdiyi məlumata görə, hadisə şəhərin H. Əliyev prospektində yerləşən 5 mərtəbəli binada Nazilə Məmmədovaya məxsus mənzildə qeydə alınıb.

Belə ki, partlayış orada kirayədə yaşayan rayon sakini 1988-ci il təvəllüdlü Günay Əliyeva mənzilə daxil olan zaman baş verib. Həmin vaxt onun yanında övladları 2009-cu il təvəllüdlü F. Əliyeva və 2013-cü il təvəllüdlü Y. Əliyev də olub. Məlumata görə, hadisə vaxtı qadının həyat yoldaşı həyətdə olduğundan o, xəsarət almayıb.

Hadisədən sonra mənzil tamamilə dağılıb.

Xilasetmə tədbirləri nəticəsində ananın hər iki övladı ağır vəziyyətdə xilas edilərək, rayon xəstəxanasına aparılıblar.

Hazırda ananın axtarışları davam etdirilir.

20:19

Biləsuvarda partlayış baş verən binada axtarış-xilasetmə işləri aparılır.

"Report"un Muğan bürosunun məlumatına görə, hadisə şəhərin H.Əliyev prospektində 5 mərtəbəli yaşayış binasının sonuncu mərtəbəsində olub.

Partlayış nəticəsində binaya ziyan dəyib. İlkin məlumata görə, iki nəfər yaralı xəstəxanaya aparılıb.

19:49

Biləsuvarda binada partlayış olub.

"Report"un Muğan bürosunun məlumatına görə, hadisə şəhər ərazisində yerləşən beşmərtəbəli binaların birində qeydə alınıb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları, yanğınsöndürənlər və təcili tibbi yardım briqadaları cəlb olunub.

İlkin məlumata görə, baş verən partlayışda 2 yaralı Biləsuvar rayon Mərkəzi Xəstəxanasına aparılıb. Rayon xəstəxanasının 4 təcili yardım briqadası hadisə yerinə cəlb olunub.

Biləsuvarda dağıntılar altında qalan şəxsin meyiti çıxarılıb - YENİLƏNİB-4