Bəzi şahidlər ​Səfər Əbiyevin müavininin məhkəməsinə məcburi gətiriləcək

Bəzi şahidlər ​Səfər Əbiyevin müavininin məhkəməsinə məcburi gətiriləcək Məhkəmənin növbəti iclası oktyabrın 23-nə təyin edilib
Hadisə
16 Oktyabr , 2015 14:28
Bəzi şahidlər ​Səfər Əbiyevin müavininin məhkəməsinə məcburi gətiriləcək

Bakı. 16 oktyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmə və vəzifə səlahiyyətlərindən sui-istifadə etmədə təqsirləndirilən Azərbaycan müdafiə nazirinin keçmiş müavini, polkovnik Mehman Səlimovun cinayət işi üzrə məhkəməsi davam etdirilib.

“Report”un məlumatına görə, hakim Zeynal Ağayevin sədrlik etdiyi prosesdə şahidlərdən - Ağamirzə Məmmədov və Kənan Rəsulov ifadə verib.

Hər iki şəxs dindirilən zaman M.Səlimovu tanımadığını bildirib.

“Legenda Co” MMC-nin direktoru olan A.Məmmədov ifadə verərkən, M.Səlimovla heç bir əlaqəsinin olmadığını deyib: “Mən ancaq sənədlərə qol çəkmişəm. Bunun əvəzində də Tərlan Yusifov mənə bir neçə dəfə 200 manat pul verib. Tərlanı isə dayımın vasitəsilə tanımışam. Kimə nə qədər mal satılıb, kimə nə qədər ödənilibsə, bu barədə məlumatım yoxdur”.

Daha sonra məhkəmə prosesində adı istintaqda çəkilən və məhkəməyə gəlməyən digər şahidlərlə bağlı isə prosesə məcburi gətirilmə qərarı qəbul edilib.

Məhkəmənin növbəti iclası oktyabrın 23-nə təyin edilib.

Qeyd edək ki, M.Səlimov Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə - külli miqdarda törədildikdə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə ittiham olunur.

M.Səlimov 1995-1999-cu illərdə Azərbaycanın müdafiə naziri Səfər Əbiyevin siyasi və ictimai işlər üzrə müavini olub.

Son xəbərlər

Orphus sistemi