Bəraət almış şirkət müdirinin şikayəti əsasında məhkəmə başlayıb

Bəraət almış şirkət müdirinin şikayəti əsasında məhkəmə başlayıb Məhkəmənin baxış iclası avqustun 9-na təyin edilib
Hadisə
27 İyul , 2016 11:08
Bəraət almış şirkət müdirinin şikayəti əsasında məhkəmə başlayıb

Bakı. 27 iyul. REPORT.AZ/ Bakı Apellyasiya Məhkəməsində dələduzluqda və rəsmi sənədləri saxtalaşdırmaqda təqsirləndirilən Rauf Firidunoviç Namazovla Oktay Ağamirzə oğlu Vəliyevin barələrindəki hökmdən dövlət ittihamçısı tərəfindən verilən apellyasiya protesti və apellyasiya şikayəti üzrə məhkəmənin ilkin baxış iclası başlayıb.

"Report"un xəbərinə görə, hakim Əflatun Qasımovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin baxış iclası avqustun 9-na təyin edilib.

Qeyd edək ki, ittiham aktına əsasən, Bakı şəhər sakinləri R.Namazov və O.Vəliyev vətəndaşların etibarından sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etməkdə ittiham olunublar.

Belə ki, O.Vəliyev tanışı N.Namazovla qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək, 2009-cu ilin yaz aylarında özünə məxsus Yasamal rayonu Bəsdi Bağırov küçəsi, 14 ünvanında yerləşən ofisində Zulfiya Aytımbet qızı Abdukadırova ilə tanış olub. Onlar Z.Abdukadırovaya yüksək vəzifəli şəxslərlə olan geniş əlaqələri hesabına böyük bizneslə, o cümlədən CİN və NAR danışıq konturlarının topdan satışı ilə məşğul olmasını bildirib. Həmin şəxslər Z.Abdukadırovanı onunla birgə iş birliyi yaradıb, “Bakcell” Məhdud Məsuliyyətli Cəmiyyətdən daimi nümayəndəlik alıb, fəaliyyət göstərərlərsə, qazanc əldə edəcəklərinə inandırıb. O.Vəliyev və N.Namazov 2010-cu ilin sentyabr ayından 2011-ci ilin iyun ayının 1-nə kimi Z.Abdukadırovanın etibarından sui-istifadə edərək, ondan ümumilikdə 1 milyon 356 min 700 manat pulu dələduzluq yolu ilə ələ keçirib.

Bundan başqa, istintaq dövründə Ağa Nurulla oğlu Hüseynov, Gündüz Cahangir oğlu Cəfərov, Kamal Qafur oğlu Şabanov, Anar Tamirlan oğlu Musayev və Ağasəttər Mirabdulkərim oğlu Ağayev ərizə ilə müraciət edib. Həmin şəxslər R.Namazovun onların etibarından sui-istifadə etdiklərini bildiriblər. R.Namazov zərərçəkmişlərin pullarını dələduzluq yolu ilə ələ keçirərək onlara külli miqdarda ziyan vurub.

İş üzrə maddi ziyan ümumilikdə 2 milyon 129 min 740 manat göstərilib. İstintaq müddətində isə 1 milyon 356 min 700 manat ödənilib.

2012-ci ildə R.Namazovun tutulması və ona ittiham elan edilməsi üçün barəsində Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 150-ci maddəsi ilə axtarış elan edilib. Daha sonra CM-nin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi barədə qərar çıxarılıb. Məhkəmənin qərarı ilə onun barəsində 3 ay müddətinə qiyabi həbs qətimkan tədbiri seçilib. R.Namazov 2014-cü ilin yanvar ayının 16-da Ukrayna Respublikası Daxili İşlər Nazirliyinin Kiyev şəhərinin Solomenski rayon Daxili işlər şöbəsi tərəfindən tutulub və Kiyev şəhəri Solomenski rayon məhkəməsi tərəfindən barəsində 40 gün müddətinə həbs qətimkan tədbiri seçilib. R.Namazov həmin ilin may ayının 7-də Azərbaycan Respublikasına ekstradisya olunaraq Bakı İstintaq Təcridxanasına təhvil verilib.

O, CM-nin 178.3.2 (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə), 320.1-ci (hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və qanunsuz hazırlama, yaxud ya bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satma) və 320.2-ci (bu Məcəllənin 320.1-ci maddəsində göstərilmiş bilə-bilə saxta sənədlərdən istifadə etmə) maddələri ilə ittiham edilib.

O.Vəliyev isə 2014-cu ilin dekabr ayının 25-də şübhəli şəxs qismində saxlanılıb və CM-nin 178.3.2 maddəsi ilə ittiham olunub. Lakin onun barəsində şəxsi zaminlik qətimkan tədbiri seçilib, O.Vəliyev müvəqqəti saxlama yerindən azad edilib.

2015-ci ildə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə R.Namazov 11 il müddətinə azadlıqdan məhrum edilib. O.Vəliyev barəsində isə bəraət hökmü çıxarılıb. Hökmdən narazı qalan dövlət ittihamçısı apellyasiya protesti və zərərçəkmiş şəxslər apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsinin ilkin baxış iclasında cinayət işi baxışdan çıxarılıb, birinci instansiya məhkəməsinə göndərilib. İş araşdırılandan sonra yenidən Bakı Ağır Cinayətlər Məhkəməsində göndərilib.

O.Vəliyev "İmpreks" reklam şirkətinin müdiri vəzifəsində çalışır.

Son xəbərlər

Orphus sistemi