Bəraət alan bağça direktoru məhkəmədə ifadə verib: "Uşaqların döyülməsində günahım yoxdur"

Bəraət alan bağça direktoru məhkəmədə ifadə verib: "Uşaqların döyülməsində günahım yoxdur" Bakı Apelyasiya Məhkəməsində azyaşlının uşaq bağçasında fiziki zorakılığa məruz qalması ilə bağlı açılmış cinayət işi üzrə bəraət almış Nigar Müseyibova barəsindəki hökmdən prokurorun verdiyi apelyasiya protesti üzrə proses keçirilib.
Hadisə
22 İyul , 2019 17:11
Bəraət alan bağça direktoru məhkəmədə ifadə verib: Uşaqların döyülməsində günahım yoxdur

Bakı Apelyasiya Məhkəməsində azyaşlının uşaq bağçasında fiziki zorakılığa məruz qalması ilə bağlı açılmış cinayət işi üzrə bəraət almış Nigar Müseyibova barəsindəki hökmdən prokurorun verdiyi apelyasiya protesti üzrə proses keçirilib.

"Report"un xəbərinə görə, hakim Elmar Rəhimovun sədrliyi ilə keçirilən iclasda məhkəmə baxışının məhkəmə istintaqı ilə aparılması barədə dövlət ittihamçısının vəsatəti ilə bağlı qərar elan edilib. Qərara əsasən, araşdırma qismən məhkəmə istintaqı ilə aparılacaq.

Daha sonra prokuror Rizvan Şəmmədov ittihamın nəticəvi hissəsini elan edib. İttihama əsasən, N.Müseyibova vəzifə səlahiyyətlərini yerinə yetirməməklə cəmiyyətin qanunla qorunan mənafelərinə mühüm zərər vurulmasına səbəb olmaqda təqsirləndirilir.

N.Müseyibova ittihamı qəbul etməyib. O bildirib ki, bu məsələ birinci instansiya məhkəməsində ətraflı araşdırılıb və ona bəraət verilib.

N.Müseyibova daha sonra sərbəst ifadə verib. O bildirib ki, uşaqların döyülməsində heç bir günahı yoxdur:

"İstər videogörüntülər, istərsə də şahid ifadələri mənim günahımın olmadığını göstərdi. Mən orada olduğum müddətdə belə hal olmayıb. Kameralara "resepşin"də əyləşən Nərgiz Novruzova nəzarət etməli idi, o da mənə bu barədə məlumat verməyib. Bunu Nərgiz məhkəmədə ifadəsində də təsdiqləyib. Valideynlərin də onlayn nəzarət imkanı vardı və heç biri mənə bu barədə söz deməyib".

Prokuror Nərgiz Novruzovanın prosesdə şahid qismində dindirilməsi barədə vəsatət verib.

Proses iyulun 29-da davam edəcək.

Qeyd edək ki, 2018-ci ildə Yasamal rayonunda yerləşən “Kids Studio" Uşaq Mərkəzində azyaşlıların fiziki zorakılığa məruz qalması barədə video yayılıb. Uşaqlara qarşı zorakılıq tərbiyəçi Firuzə Tağıyeva barəsində cinayət işi başlanılıb və Yasamal Rayon Məhkəməsinin hökmü ilə şərti azadlıqdan məhrum edilib.

“Kids Studio"nun rəhbəri N.Müseyibova isə Cinayət Məcəlləsinin (CM) 314.1-ci (səhlənkarlıq, yəni vəzifəli şəxsin işə vicdansız və ya laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməməsi və ya cəmiyyətin qanunla qorunan mənafelərinə mühüm zərər vurulmasına səbəb olduqda) maddəsi ilə ittiham verilsə də, məhkəmə ona bəraət verib.

Prokuror protest verərək N.Müseyibovanın məsuliyyətə cəlb edilməsini istəyib.

Son xəbərlər

Orphus sistemi