Baş prokuror Laçın, Qubadlı, Cəbrayıl və Kəlbəcər rayonlarında olub
- 25 avqust, 2025
- 14:12
Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev işğaldan azad edilmiş ərazilərə işgüzar səfər çərçivəsində Laçın, Qubadlı, Cəbrayıl və Kəlbəcər rayonlarında olub.
Bu barədə "Report"a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Baş prokuror əvvəlcə Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyində olub. Burada o, müasir və müstəqil Azərbaycan dövlətinin banisi, dahi şəxsiyyət Ulu Öndər Heydər Əliyevin büstü önünə gül dəstəsi qoyaraq dahi liderin xalqımız və dövlətimiz qarşısındakı əvəzsiz xidmətlərini dərin hörmətlə anıb.
Daha sonra Baş prokuror Laçın rayon prokurorluğunun inzibati binasında yaradılmış şəraitlə tanış olub, prokurorluq əməkdaşlarının istifadəsində olan yenicə təmir olunmuş xidməti mənzillərə baxış keçirib.
Səfər çərçivəsində K.Əliyev Qubadlı rayon və Qubadlı hərbi prokurorluğunun xidməti binasında mövcud vəziyyətlə tanış olub, eləcə də, istifadəyə verilməsi planlaşdırılan yeni inzibati binanın təmiri prosesi ilə maraqlanıb.
Baş prokuror səfər çərçivəsində Cəbrayıl rayon prokurorluğunun inzibati binasında əməkdaşların iş şəraiti ilə tanış olub, onlarla söhbət aparıb.
Səfər zamanı həmçinin Kəlbəcər hərbi prokurorluğu və rayon prokurorluğunun inzibati binalarında yaradılan iş şəraiti ilə də tanış olunub, əməkdaşlarla görüş keçirilib.
Qeyd edək ki, səfər zamanı Kamran Əliyevi Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Məsim Məmmədov, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev, Kəlbəcər rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Bəşir Hacıyev, Hərbi prokuror Bəhruz Əhmədov, Baş Prokurorluq və Hərbi prokurorluğun rəhbər heyəti müşayiət edib.