Bakıda ticarət mərkəzində baş verən yanğın söndürülüb - VİDEO - YENİLƏNİB-3

Bakıda ticarət mərkəzində baş verən yanğın söndürülüb - VİDEO - YENİLƏNİB-3 “8-ci kilometr bazar”ının yaxınlığında yerləşən ticarət mərkəzində baş verən yanğınla əlaqədar yollarda sıxlıq yaranıb
Hadisə
1 Avqust , 2024 16:25
Bakıda ticarət mərkəzində baş verən yanğın söndürülüb - VİDEO - YENİLƏNİB-3

Bakının Nizami rayonunun Qara Qarayev prospektində iaşə obyektində baş verən yanğında xəsarət qeydə alınmayıb.

Bunu "Report"a açıqlamasında Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin sektor müdiri, kapitan Əlibala Əlizadə deyib.

O bildirib ki, FHN-in "112" telefon Qaynar Xəttinə Bakının Nizami rayonunda iaşə obyektində yanğın baş verməsi barədə məlumat daxil olub:

"Dərhal əraziyə nazirliyinin Yanğından Mühafizə Xidmətinin bölmələri cəlb olunub. Yanğın ətrafdakı iaşə obyektlərinə keçməsinin qarşısı alınaraq genişlənməsinə imkan verilmədən qısa müddətə söndürülüb. Hadisə zamanı xəsarət qeydə alınmayıb. Ümumilikdə 150 m² ərazidə yanğın qeydə alınıb. Hadisənin baş vermə səbəbləri araşdırılır".

15:25

Bakıda ticarət mərkəzində baş verən yanğın söndürülüb.

Bu barədə "Report"a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospektində yerləşən obyektdə baş vermiş yanğın geniş sahəyə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, yanğınla əlaqədar bir nəfər tüstüdən zəhərlənib:

"Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə saat 14:40 radələrində Nizami rayonu, Q.Qarayev prospekti ərazisindən yanğın baş verməsi səbəbilə çağırış daxil olub. Hadisə nəticəsində bir nəfər, 51 yaşlı kişi tüstüdən zəhərlənmə diaqnozu ilə Təcili tibbi yardım briqadası tərəfindən Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə hospitalizasiya olunub", - deyə məlumatda qeyd edilib.

15:04

Bakı şəhəri, Nizami rayonunda ticarət mərkəzində baş verən yanğın məhdudlaşdırılıb.

Bu barədə “Report”a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətin əməkdaşlarının çevikliyi nəticəsində yanğın məhdudlaşıdırılıb, genişlənərək ətraf ərazilərə yayılmasının qarşısı alınıb:

"Hazırda yanğının tam söndürülməsi istiqamətində işlər görülür"-deyə qeyd olunub.

14:56

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Nizami rayonu, küçəsində obyektdə yanğın olması barədə ilkin məlumat daxil olub.

Nazirlikdən "Report"a verilən xəbərə görə, məlumatla əlaqədar FHN-nin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.

Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.

14:52

“8-ci kilometr bazar”ının yaxınlığında yerləşən ticarət mərkəzində baş verən yanğınla əlaqədar yollarda sıxlıq yaranıb

"Report" xəbər verir ki, bu barədə DİN Nəqliyyatı İntelektual İdarəetmə Mərkəzi məlumat yayıb.

Bildirilib ki, Nizami rayonu, Qara Qarayev prospektində yerləşən “8-ci kilometr bazar”ının yaxınlığında yerləşən ticarət mərkəzlərindən birində baş verən yanğın səbəbindən prospektin hər iki istiqamətində yolda sıxlıq yaranıb. Avtomobillərin rahat hərəkətini təmin etmək üçün yol polisi tərəfindən işlər görülür.

Son xəbərlər

Orphus sistemi