Bakıda "Qul bazarı"nda fəhlə yoldaşını öldürmək istəyən şəxsə hökm oxunub

Bakıda "Qul bazarı"nda fəhlə yoldaşını öldürmək istəyən şəxsə hökm oxunub O, 15 il müddətinə azadlıqdan məhrum edilib
Hadisə
31 Mart , 2017 17:10
Bakıda Qul bazarında fəhlə yoldaşını öldürmək istəyən şəxsə hökm oxunub

Bakı. 31 mart. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməyə cəhd etməkdə təqsirləndirilən Fərman Mustafayevin cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

"Report"un məlumatına görə, hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə F.Mustafayev 15 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə ötən ilin noyabr ayında Bakı şəhəri, Nizami rayonunda metronun "Xalqlar dostluğu" stansiyasının çıxış pilləkənlərındə qeydə alınıb. 1982-ci il təvvəllüdlü Namiq Qaralova tanışı 1979-cu il təvvəllüdlü F.Mustafayev 12 bıçaq zərbəsi vurub.

Ağır yaralanan şəxs yaxınlıqdakı xəstəxanaya yerləşdirilib. Onun həyatını xilas etmək mümkün olub. Nizami Rayon Polis İdarəsinin (RPİ) əməkdaşları tərəfindən F.Mustafayev tutulub.

İttihama görə, F.Mustafayev birlikdə “Qul bazarı”nda iş axtardıqları N.Qaralovla mübahisə etdikdən sonra əlbəyaxa dava ediblər. Daha sonra F.Mustafayev çantasında olan bıçaqla ona 12 dəfə bıçaq zərbəsi endirib. İstintaqın gəldiyi nəticəyə əsasən, F.Mustafayevin məqsədi N.Qaralovu öldürmək olub. Ancaq ətrafda olanların müdaxiləsi ilə o, bu niyyətini həyata keçirə bilməyib.

O, Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham olunub.

Məhkəmə iclasında isə F.Mustafayev ittihamla razı olmadığını deyib. O, N.Qaralovu öldürmək niyyətində olmadığını bildirib. Buna görə də özünü qismən təqsirli bilib. 

Son xəbərlər

Orphus sistemi