Yuxarı

​Bakıda qardaşını 8 balta zərbəsilə öldürən şəxsin məhkəməsi başlayıb - YENİLƏNİB

İşə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır

Bakı. 14 aprel. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qardaşını öldürməkdə təqsirləndirilən şəxsin cinayət işi üzrə məhkəməsinin hazırlıq iclası başlayıb.

“Report”un xəbərinə görə, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin baxış iclası aprelin 19-na təyin edilib.

 *** 10:54

Bakı. 14 aprel. REPORT.AZ/ Bakıda qardaşını öldürməkdə təqsirləndirilən şəxsin cinayət işinin istintaqı başa çatıb.

“Report”un məlumatına görə, Tofiq Ağayevin törətdiyi cinayət hadisəsi üzrə Bakı şəhəri Sabunçu Rayon Prokurorluğunda aparılmış istintaq yekunlaşdırılaraq baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət hadisəsi 2015-ci il dekabr ayının 18-də Suraxanı rayonu, Vahid Xəlilov küçəsi, ev 141 ünvanında baş verib. T.Ağayev qardaşı Faiq Ağayevə 8 dəfə balta zərbəsi endirərək onu öldürüb. Hadisədən sonra T.Ağayev Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Məlum olub ki, hadisə günü F.Ağayev evə sərxoş halda gəlib. O, qardaşı T.Ağayevi təhqir edib. Bundan sonra hər iki şəxs arasında mübahisə düşüb. Nəticədə qardaşının təhqirlərinə dözməyən 61 yaşlı T.Ağayev cinayət törədib.

Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.4-cü (qəsdən adam öldürmə, xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Qeyd edək ki, T.Ağayev daha əvvəl də məhkumluq həyatı yaşayıb. O, 2003-cü ildə Cinayət Məcəlləsinin 126-cı (qəsdən sağlamlığa ağır zərər vurma), 221.3-cü (xuliqanlıq, silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) və 66.3-cü (cinayətlərin məcmusu üzrə cəzanın təyin edilməsi, cinayətlərin məcmusuna az ağır, ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir) maddələri ilə ittiham olunaraq, 9 il müddətinə azadlıqdan məhrum edilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi