Bakıda çay evlərində reydlər keçirildi, obyekt sahibləri cərimələndi

Bakıda çay evlərində reydlər keçirildi, obyekt sahibləri cərimələndi Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən profilaktik tədbirlər davam etdirilir
Hadisə
17 Mart , 2021 15:27
Bakıda çay evlərində reydlər keçirildi, obyekt sahibləri cərimələndi

Bakı şəhərinin müxtəlif rayonlarında karantin rejimi qaydalarının pozulması hallarının qarşısının alınması, habelə istifadəsi ictimai-iaşə obyektlərində qəti qadağan edilən qəlyan tütün məhsulunu müştərilərə təklif edən məkanların aşkar edilməsi istiqamətində Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən profilaktik tədbirlər davam etdirilir.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Növbəti belə tədbir zamanı paytaxtın Nizami rayonunda yerləşən VN çay evində müştəri kimi əyləşən 4 nəfərin qəlyandan istifadə etdiyi müəyyən edilib. Həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib və hər biri 200 manat miqdarında cərimə olunub. Obyektin işlədən Qoşqar Hüseynov isə polis əməkdaşlarının dəfələrlə etdikləri xəbərdarlıqlara baxmayaraq, onunla aparılan profilaktik söhbətlərdən nəticə çıxarmadığı üçün 4 000 manat məbləğində cərimələnib.

Həyata keçirilən daha bir tədbir zamanı Xətai rayonunda yerləşən “Legenda” çay evində karantin qaydalarının pozulduğu müəyyən olunub. Tədbir zamanı sanitar-karantin normaları pozan 10 nəfər 200 manat, obyektin sahibi Fuad Axundov isə 4 000 manat miqdarında cərimə ediliblər.

Analoji tədbirlər Xətai rayonunda yerləşən “Samavar” və “Kristal” çay evlərində də həyata keçirilib.

Qeyd edilən məkanlara baxış zamanı müştərilərə qəlyan tütün məhsulu təklif edildiyi müəyyən edilib. Həmin obyektlərin icarədarları Nicat Həşimov və Asif Şahnəzərov, eləcə də karantin qaydalarını pozan müştərilər müvafiq qaydada cərimə olunublar.

"Qeyd edək ki, istifadəsinə icazə verilən kafe, restoran və çay evlərində bundan sonra da sanitar-karantin qaydalarına tələblərinə əməl olunmasına nəzarət məqsədi ilə polis əməkdaşları tərəfindən mütəmadi olaraq profilaktik tərdbirləri davam etdiriləcək", - Mətbuat xidmətindən bildirilib.

Son xəbərlər

Orphus sistemi