Yuxarı

​Bakıda ən çox qəza baş verən prospektlərin adları açıqlanıb

Paytaxtda yol-nəqliyyat hadisələrinin ümumi təsnifatında azalma qeydə alınıb

Bakı. 22 dekabr. REPORT.AZ/ “Paytaxt yollarında hərəkətinin təhlükəsizliyi məqsədilə yol polisi əməkdaşlarının keçirdikləri məqsədyönlü tədbirlər, eyni zamanda təbliğat işinin aparılması nəticəsində ötən illə müqayisədə Bakı şəhərində baş verən yol-nəqliyyat hadisələrinin ümumi təsnifatında azalma qeydə alınıb. Belə ki, bu ilin əvvəlindən dekabrın 19-dək Bakı şəhərində 768 yol-nəqliyyat hadisəsi baş verib. Qəzalar nəticəsində 217 nəfər ölüb, 843 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə 104 hadisə, 82 ölüm və 32 xəsarət faktı azalıb”.

“Report”un xəbərinə görə, bunu Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Vaqif Əsədov bildirib.

Onun sözlərinə görə, ümumilikdə, Bakının inzibati ərazisindəki yol-nəqliyyat hadisələrinin təhlili göstərir ki, yol nəqliyyat hadisələri əsasən günün qaranlıq saatlarında, şənbə və bazar günləri baş verib: “Qəzalar daha çox paytaxtın Parlament, Heydər Əliyev, Tbilisi, Ziya Bünyadov, Mətbuat və Nobel prospektlərində qeydə alınıb. Baş verən qəzalarda sürət həddinin aşılması 41 faiz, qarşı hərəkət zolağına çıxmaqla təhlükəli manevretmə 27 faiz, piyadaların vurulması 50,6 faiz təşkil edib”.

Hesabat dövründə paytaxt yollarında avtomobili sərxoş vəziyyətdə idarə edən və avtoxuliqanlıq hərəkətləri etməklə cəmiyyətə açıq hörmətsizlik nümayiş etdirən sürücülər müəyyən edilərək inzibati məsuliyyətə cəlb olunub. Avtomobili sərxoş idarə etdiyinə görə 16 359 sürücü, eləcə də avtoxuliqanlıq hərəkətləri törədən 686 şəxs barəsində qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb.

Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsi sürücüləri yol hərəkəti qaydalarına əməl etməyə, bütün hərəkət iştirakçılarını qanunun tələblərinə hörmətlə yanaşmağa dəvət edir. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi