Bakıda dayısı oğlunu öldürən şəxsin qardaşı məhkəmədə ifadə verib

Bakıda dayısı oğlunu öldürən şəxsin qardaşı məhkəmədə ifadə verib Məhkəmənin növbəti iclası aprelin 25-nə təyin edilib
Hadisə
18 Aprel , 2017 17:15
Bakıda dayısı oğlunu öldürən şəxsin qardaşı məhkəmədə ifadə verib

Bakı. 18 aprel. REPORT.AZ/ Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən 1995-ci il təvəllüdlü Nurlan Quliyevin cinayət işi üzrə məhkəmənin baxış iclası keçirilib.

"Report"un xəbərinə görə, hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib.

N.Quliyev elan olunmuş ittiham üzrə özünü təqsirli bilmədiyini söyləyib.

O, sərbəst ifadəsi zamanı bacısının başqasına sözlü olduğunu deyib: "Buna baxmayaraq, dayımoğlu Mahir bacımı götürüb qaçdı. Bu mənə pis təsir elədi. Daha sonra Mahiri tapdım, əvvəl ona sözümü deyib, sonra bıçaqla vurub öldürdüm".

Prokuror bildirib ki, təqsirləndirilən şəxsin bacısı istintaqa verdiyi ifadəsində qətlə yetirilən Mahir Quliyevi sevdiyini deyib: "Hətta qız qaçan zaman paltarlarını da yığıb özü ilə aparıb. O, Mahirlə öz razılığı ilə qaçıb".

Daha sonra zərərçəkmişin hüquqi varisi, ölən şəxsin qardaşı Səxavət Quliyev dindirilib. O, hadisədən əvvəl N.Quliyevin qardaşı M.Quliyevi evdən çağırıb apardığını vurğulayıb: "Atamın qəbrinə and içdi ki, heç nə olmayacaq. Körpünün altına getdilər. Qıraqda durmuşdum. Onlar söhbət elədilər. Sonra məsələni həll edib, söhbəti başa çatdırdılar. Nurlana dedim ki, çıx get rayona. Hətta ona pul da təklif etdim. O, rayona gedəcəyinə söz verdi. Nurlan səhər saat 7-8 radələrində zəng edib "get qardaşının meyitini qamışlıqdan götür” dedi".

Qətlə yetirilən M.Quliyevin anası Gözəl Quliyeva ifadədəsində təqsirləndirilən şəxsə ömürlük cəza verilməsini tələb edib.

Məhkəmənin növbəti iclası aprelin 25-nə təyin edilib.

Qeyd edək ki, qətl hadisəsi ötən ilin sentaybrın 26-da Sabunçu rayonunun Pirşaği qəsəbəsində baş verib. 21 yaşlı N.Quliyevin dayısı oğlu Mahir Quliyev hadisədən bir həftə əvvəl evlənmək məqsədi ilə N.Quliyevin bacısını qaçırıb.

N.Quliyev M.Quliyevi qəsəbədə yerləşən körpünün yaxınlığına çağırıb. N.Quliyev həmin ərazidə dayısı oğlu ilə əvvəlcə mübahisə edib. Daha sonra o, M.Quliyevin ürək nahiyəsindən bıçaqla zərbə endirib və onu körpünün üzərindən aşağı yamaca doğru atıb. M.Quliyev oradaca dünyasını dəyişib.

Hadisədən sonra N.Quliyev hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb.

O, Cinayət Məcəlləsinin 120.2.4-cü (qəsdən adam öldürmə, xüsusi amansızlıqla adam öldürmə) maddəsi ilə ittiham edilir.

Son xəbərlər

Orphus sistemi