Bakıda başqa adla yaşadığı iddia olunan şəxs Türkiyəyə ekstradisiya olunacaq - QƏRAR

Bakıda başqa adla yaşadığı iddia olunan şəxs Türkiyəyə ekstradisiya olunacaq - QƏRAR Mehmet Halil oğlu Sünmezin ekstradisiyası ilə bağlı iş üzrə məhkəmə iclası keçirilib
Hadisə
4 May , 2016 09:53
Bakıda başqa adla yaşadığı iddia olunan şəxs Türkiyəyə ekstradisiya olunacaq - QƏRAR

Bakı. 4 may. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində 12 il əvvəl Türkiyədə cinayət törədib Azərbaycanda həbs edilən Mehmet Halil oğlu Sünmezin ekstradisiyası ilə bağlı iş üzrə məhkəmə iclası keçirilib.

"Report"un məlumatına görə, hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin müdafiəçisi Vasif İsrafilov çıxış edib.

O, çıxışında hüquqlarını müdafiə etdiyi şəxsin Türkiyə Respublikasına ekstradisiyası olunmaması barədə qərar çıxarılmasını istəyib. Vəkil M.Sünmezin Yılmaz Akbaba olmadığını, Türkiyədə baş verən cinayət hadisəsini onun törətmədiyini bildirib.

M.Sünmez ifadəsində Türkiyəyə ekstradisiya olunmaq istəmədiyini deyib.

Daha sonra qərar elan olunub. Məhkəmə M.Sünmezin Türkiyə Respublikasına verilməsi barədə qərar qəbul edib.

Qeyd edək ki, hadisə 2004-cü il noyabrın 24-də baş verib. Türkiyənin Turgutlu - Manisa avtomobil yolunun 5-ci km-də, su kanalının kənarında şəxsiyyəti məlum olmayan meyit tapılıb. Meyit tamamilə çürüməyə məruz qalıb. Aparılan təhqiqat nəticəsində mərhumun şəxsiyyətinin Meltem Putak olduğu və İzmir 9 Eylul Universiteti Ekonometrika fakültəsində təhsil aldığı müəyyənləşib. Hadisədən sonra M.Putakın tanışı, 1974-cü il təvəllüdlü Yılmaz Akbaba bu cinayətin törədilməsində şübhəli şəxs qisimində göstərilib və onun barəsində qiyabi həbs qərarı çıxarılıb. Lakin onun həbsi mümkün olmayıb. 2015-ci ildə həmin qərar yenilənib və Y.Akbaba beynəlxalq axtarışa verilib. Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Azərbaycan ərazisində Y.Akbabanın 1978-ci il təvəllüdlü Mehmet Halil oğlu Sünmez adı ilə yaşadığı müəyyən edilib və o, 2016-cı il martın 17-də Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) əməkdaşları tərəfindən tutulub. Səbail Rayon Məhkəməsi onun barəsində iki ay müddətinə həbs qətimkan tədbiri seçib. Y.Akbaba (Mehmet Sünmez) barəsində Türkiyə Respublikası 1-ci Manisa Ağır Cəza Məhkəməsi tərəfindən həbs edilməsi haqqında qərarın olması və Türkiyə Respublikasına ekstradisiya olunacağını nəzərə alaraq, Mehmet Sünmezin vəkili Vasif İsrafilov onun barəsində dörd ay müddətinə həbs qətimkan tədbirinin seçilməsi üçün apellyasiya şikayəti verib. Lakin Bakı Apellyasiya Məhkəməsi Səbail Rayon Məhkəməsinin qərarını qüvvədə saxlayıb. O, ittihamları rədd edib, Y.Akbaba olmadığını bildirib.

Son xəbərlər

Orphus sistemi