Martın 18-də saat 23 radələrində Nəsimi rayon ərazisində 1968-ci il təvəllüdlü Camalov Etibar Feyzəmməd oğluna məxsus üzərində xəsarət izləri olan meyitinin yaşadığı evdə aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Nəsimi Rayon Prokurorluğundan "Report"a verilən məlumata görə, cinayət prosessual qanunvericiliyinin tələblərinə əsasən, prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.
Aparılmış ilkin araşdırmalarla zərərçəkmişin qardaşı 1969-cu il təvəllüdlü Elçin Camalovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı Etibar Camalova bıçaqla xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Nəsimi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmış, müvafiq ekspertizalar təyin edilib.
Elçin Camalov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.