Bakı sakini: “Pilot layihə həyata keçirən şirkət kirayə pulumuzu vermir”

Bakı sakini: “Pilot layihə həyata keçirən şirkət kirayə pulumuzu vermir” “Pilot layihədə bizi veriləcək mənzilin təmirində ucuz və keyfiyyətsiz materiallardan istifadə olunmasına etiraz bildirdiyim üçün bizə ödənilən kirayə pulunu kəsiblər”.
Hadisə
2060
17 Noyabr , 2020 16:16
Bakı sakini: “Pilot layihə həyata keçirən şirkət kirayə pulumuzu vermir”

“Pilot layihədə bizi veriləcək mənzilin təmirində ucuz və keyfiyyətsiz materiallardan istifadə olunmasına etiraz bildirdiyim üçün bizə ödənilən kirayə pulunu kəsiblər”.

Bunu “Report”a müraciətində Nəsimi rayon sakini Nəcəfova Rəfiqə Əli qızı bildirib.

O qeyd edir ki, Nəsimi rayonu, F.Qasımzadə küçəsi, ev 28 ünvanında qeydiyyatdadır. Həmin bina iki il əvvəl pilot layihə ilə bağlı "Avrasiya Constraction Ltd" MMC (Olimpus Park-Nəsimi) tərəfindən iki il əvvəl sökülüb.

“Bizə hər ay 600 manat kirayə haqqı verilməklə yanaşı, 3 otaqlı təmirli mənzilin veriləcəyi barədə müqavilə imzalamışıq. Bir neçə ay əvvəl müəyyən etdik ki, bizə və digər sakinlərə veriləcək 3 otaqlı mənzilin təmirində çox keyfiyyətsiz və ucuz materiallardan istifadə edilir. Buna etiraz etdik və yuxarı qurumlara şikayət ərizələri yazdıq. Bu səbəbdən də tikinti şirkətinin məsul işçisi Orxan və Samir Əliyev qardaşları bizə hər ay ödəməli olan kirayə haqqını heç bir əsas olmadan dayandırdı. Tikinti şirkətindən mənə deyilir ki, onlardan etdiyim şikayəti geri götürək”.

Şikayətçi qeyd edir ki, qaynı Nəcəfov Ramin İsmayıl oğlu da həmin ünvanda qeydiyyatdadır və o, hərbi əməliyyatlarda iştirak edir:

“Buna baxmayaraq, tikinti şirkəti mənim və Raminin ailəsinə çatası kirayə haqqını 3 aya yaxındır ki, əsassız olaraq ödəmir. Bildiyimiz ki, Qarabağ uğrunda gedən döyüşlərdə iştirak edən hər şəxsin ailə üzvlərinə Dövlətimiz olduqca həssas münasibət göstərir. Hazırda biz kirayədə yaşamağımıza baxmayaraq, bizə bununla bağlı ödəniş edilmir”.

R.Nəcəfova bildirib ki, pilot lahiyə ilə bağlı şirkətin tikinti aparmasına sərəncam vermiş Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərova bu barədə dəfələrlə məlumat versələr də, heç bir tədbir görülməyib.

“Olimpus Park” şirkətinin satış meneceri Cəbrayıl Əsədov “Report”a açıqlamasında bildirib ki, sözügedən binada hər hansı keyfiyyətsiz materialdan istifadə mümkün deyil:

“Bütün materiallar xarici firmaların istehsalıdır və yüksək keyfiyyətə malikdir. Təmir işləri zamanı hansı materiallardan istifadə edildiyi əvvəlcədən müqavilədə yer alıb və bu vətəndaşlara məlumdur”.

O qeyd edib ki, vətəndaşa kirayə pulunun verilməməsi ilə bağlı onda heç bir məlumat yoxdur:

“Bununla bağlı rəhbərliyə məlumat veriləcək və məsələ araşdırıldıqdan sonra əlavə açıqlama veriləcək”.

Nəsimi Rayon İcra Hakimiyyətindən isə məsələyə münasibət öyrənmək mümkün olmayıb.

Qeyd edək ki, pilot layihəyə əsasən, mənzilləri sökülən sakinlər müvəqqəti kirayədə yaşadığı dövrdə onların kirayə haqları ödənilir və bina hazır olduqdan sonra sakinlərı sahəsinə görə 20 faiz daha artıq olan mənzil təhvil verilir.

Son xəbərlər

Orphus sistemi