"Martın 3-də metronun “İnşaatçılar” stansiyasından “20 Yanvar” istiqamətində hərəkətdə olan qatarın içində qoruyucu maska satışı ilə məşğul olan şəxs tərəfimizdən müəyyən olunaraq saxlanılıb".
Bunu "Report"a Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev deyib.
Onun sözlərinə görə, Abşeron rayon sakini 1969-cü il təvəllüdlü M.Kamalov metropolitendə polis şöbəsinə gətirilib.
Onun barəsində İnzibati Xətəlar Məcəlləsinin 454-cü maddəsinin tələblərinə əsasən inzibati xəta haqqında protokol tərtib edilməklə inzibati tənbeh tədbiri tətbiq olunub.
Qeyd edək ki, hazırda Azərbaycanda 3 koronavirusa yoluxma halı mövcuddur.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda epidemiya 85 ölkə və regionu əhatə edir.
Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 95 607-yə çatıb. Bunların 53 700 nəfəri sağalıb, 3 287 nəfəri isə ölüb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub.