Qaradağ rayonunda baş verən zəncirvari yol qəzasında neçə avtomobilin toqquşduğu açıqlanıb.
“Report”un xəbərinə görə, Bakı-Qazax magistralının Qaradağ rayon ərazisindən keçən hissəsində - "Sədərək" Ticarət Mərkəzinin yaxınlığında baş verən qəza zamanı “Mercedes", "AzSamand", "Toyota Prado" markalı sərnişin avtomobilləri "Ford-Transit" markalı yük maşını ilə toqquşub.
Qəza yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının həkim briqadası cəlb olunub.
Qəza nəticəsində yolda yaranan uzun tıxac səbəbi ilə magistralda nəqliyyat vasitələrinin hərəkətində çətinliklər olub.
Faktla bağlı araşdırma aparılır.
Bakı 3-cü Dairəvi Yolunda yol-nəqliyyat hadisəsi baş verib.
“Report” xəbər verir ki, avtomobil satışı mərkəzinin yaxınlığında, Lökbatan istiqaməti üzrə yolda iki nəqliyyat vasitəsinin toqquşması nəticəsində yaranan qəza hər iki istiqamət üzrə avtomobillərin sıxlığına səbəb olub.
Qəzada "Toyota" markalı cip və "Nissan Sunny" markalı sedan avtomobillərinə zərər dəyib.
Bakı Şəhər Dövlət Yol Polisi (DYP) İdarəsinin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov “Report”un sorğusuna cavab olaraq bildirib ki, hazırda YPX əməkdaşları hadisə yerindədir və sıxlığın aradan qaldırılması üçün tədbirlər görürlər:
“Yolun hər iki istiqamətində yaranan süni sıxlığa digər avtomobil sürücülərinin bir neçə saniyəlik də olsa sürəti azaldaraq qəzanı müşahidə etməsi səbəb olur” – deyə V.Əsədov bildirib
Şöbə rəisi əlavə edib ki, qəzanın ağırlıq dərəcəsi və detalları barədə əlavə məlumat veriləcək.