Yuxarı

Bakı Ağır Cinayətlər Məhkəməsində Xədicə İsmayılın şikayəti əsasında məhkəmə başlayıb

Dövlət ittihamçısı sənədlərlə tanış olmaq üçün məhkəmədən vaxt istəyib

Bakı. 18 iyul. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində jurnalist Xədicə İsmayılın onun barəsində Cinayət Məcəlləsinin 192.2.2-ci (qanunsuz sahibkarlıq) maddəsinə xitam verilməsi ilə bağlı verdiyi şikayət ərizəsi üzrə məhkəmə prosesi keçirilib.

"Report"un məlumatına görə, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə X.İsmayıl çıxış edib.

O, Azərbaycan Xarici İşlər Nazirliyində akkreditasiyadan keçə bilmədiyi üçün həmin maddənin (192.2.2) üzərindən götürülməsini xahiş edib.

Dövlət ittihamçısı çıxışında sənədlərlə tanış olmaq üçün məhkəmədən vaxt istəyib.

Məhkəmə qeyri-müəyyən vaxta kimi təxirə salınıb.

Qeyd edək ki, 2014-cü ilin dekabrında həbs edilən X.İsmayıl Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və israf etmə - külli miqdarda törədildikdə), 192.2.2 (qanunsuz sahibkarlıq), 213.1 (vergi ödəməkdən yayınma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham olunub. O, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 7 il 5 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan X.İsmayıl apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi şikayəti təmin etməyib.

Mayın 25-də Ali Məhkəmə X.İsmayıla 3 il 6 ay şərti həbs cəzası verilməklə azadlığa buraxılması haqda qərar qəbul edib və o, azadlığa buraxılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi