Azərbaycanlı qılıncoynadan: "Dünya çempionatında hətta yarımfinala yüksələndə belə, nə baş verdiyini tam dərk etmirdim"

Azərbaycanlı qılıncoynadan: "Dünya çempionatında hətta yarımfinala yüksələndə belə, nə baş verdiyini tam dərk etmirdim" Polşanın Torun şəhərində keçirilən yeniyetmə və gənclərin dünya birinciliyində çıxış edən Azərbaycan şpaqaçıları Vətənə qayıdıblar.
Hadisə
16 Aprel , 2019 10:38
Azərbaycanlı qılıncoynadan: Dünya çempionatında hətta yarımfinala yüksələndə belə, nə baş verdiyini tam dərk etmirdim

Polşanın Torun şəhərində keçirilən yeniyetmə və gənclərin dünya birinciliyində çıxış edən Azərbaycan şpaqaçıları Vətənə qayıdıblar.

Azərbaycan Qılıncoynatma Federasiyasının mətbuat xidmətindən "Report"a verilən məlumata görə, müstəqillik tarixində ilk dəfə dünya çempionatında medal qazanan Ruslan Həsənov üçün Heydər Əliyev Beynəlxalq Hava Limanında qarşılanma təşkil olunub.

Həsənov jurnalistlərə açıqlamasında bürünc medalı özü üçün də gözlənilməz nailiyyət adlandırıb: "Hətta yarımfinala yüksələndə belə, nə baş verdiyini tam dərk etmirdim. Amma medala ümidim var idi. Bu nəticənin qeydə alınmasında əməyi olan hər kəsə təşəkkür edirəm. Ən çətin döyüşlərim 1/16 final və 1/4 finalda rumıniyalı və macarıstanlı şpaqaçılara qarşı oldu. Gələcək hədəfim nəticəmi yaxşılaşdırmaqdır. Qarşıda bizi 23 yaşadək qılıncoynadanların Avropa çempionatı gözləyir. Çalışacağam ki, həmin yarışda da yaxşı çıxış edim”.

Milli komandanın baş məşqçisi Çingiz Mustafayev isə bu medalı kollektiv əməyin nəticəsi adlandırıb: “Bu nəticəyə doğru irəliləyirdik. Qarşıda qələbələrimizin sayı daha çox olacaq. Ruslanın dünya birinciliyində bürünc medal qazanması tək idmançı və məşqçi deyil, hamımızın qələbəsi, komanda zəhmətinin nəticəsidir”.

Azərbaycan Qılıncoynatma Federasiyasının Baş katibi Vasif Məmmədov isə bu uğurların davamlı olacağına ümid etdiyini bildirib: “Qarşımıza böyük hədəflər qoymuşuq. Yolumuz məsuliyyətli və mürəkkəb olsa da, şərəfəlidir. Ruslanın nəticəsinin ənənə halına çevriləcəyinə inanırıq”.

Qeyd edək ki, 6 - 14 apreldə Polşanın Torun şəhərində keçirilən yeniyetmə və gənclərin dünya birinciliyində Azərbaycan ümumilikdə 6 qılıncoynadanla təmsil olunub. Şpaqaçılardan turnirin yarımfinalınadək irəliləməklə bürünc medalı təmin edən Ruslan Həsənov finala yüksəlmək uğrunda görüşdə çempion fransalı Artur Filippə uduzub.

Son xəbərlər

Orphus sistemi