Cəlilabad rayonunda II Dünya müharibəsi veteranı vəfat edib.
"Report"un Muğan bürosunun məlumatına görə, rayonun Qarazəncir kənd sakini, 96 yaşlı Heydar Əliyev bu gün dünyasını dəyişib.
Qeyd edək ki, Əliyev Heydar Məmmədəli oğlu 1925-ci ildə Cəlilabad rayonunun Sabirabad kəndində anadan olub.
Onun döyüş yolu 1943-cü ilin fevralından başlayıb və Ukrayna cəhbəsi döyüşlərində iştirak edib. Bu döyüşlərdə ayaqlarını don vurduğu üçün beş ay xəstəxanada müalicə almağa məcbur olub. Buna baxmayaraq, onun ayağının yeddi barmağı amputasiya olunub.
H.Əliyev 1944-cü ilin may ayında 19 yaşında Vətənə qayıdıb. Mərhum həm də peşəkar avtomobil sürücüsü olub. O, özünü Azərbaycanın ən yaşlı peşəkar sürücüsü hesab edirdi.
Veteranın 7 oğlu, 1 qızı, 51 nəvəsi, 35 nəticəsi və 7 kötücəsi var.