Azərbaycanda adam oğurluğunda təqsirləndirilən Çin vətəndaşlarının apellyasiya şikayəti təmin edilməyib

Azərbaycanda adam oğurluğunda təqsirləndirilən Çin vətəndaşlarının apellyasiya şikayəti təmin edilməyib Birinci instansiya məhkəməsinin çıxardığı qərar dəyişdirilmədən saxlanılıb
Hadisə
17 Sentyabr , 2016 09:11
Azərbaycanda adam oğurluğunda təqsirləndirilən Çin vətəndaşlarının apellyasiya şikayəti təmin edilməyib

Bakı. 17 sentyabr. REPORT.AZ/ Bakı Apellyasiya Məhkəməsində Azərbaycanda adam oğurluğunda təqsirləndirilən Çin vətəndaşlarından ibarət mütəşəkkil dəstə üzvləri Vang Li Yong və Vang Kang Yong barələrində olan hökmdən apellyasiya şikayəti verilməsi üçün prosessual müddətin bərpa edilməsinə dair vəsatətin rədd edilməsi ilə bağlı müraciətə baxılıb.

“Report”un məlumatına görə, hakim Həsən Əhmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, birinci instansiya məhkəməsinin çıxardığı qərar dəyişdirilmədən saxlanılıb.

Qeyd edək ki, ittiham aktına əsasən, dəstə üzvləri 2009-cu il noyabrın 13-də Çin Xalq Respublikasının vətəndaşı Liu Genyongu və onun qardaşı Liu Xiaoleini Masallı rayonu ərazisindən oğurlayaraq, Bakı şəhərinə gətiriblər. Bakıda 2 gün saxladıqdan sonra Liu Genyongun həyat yoldaşı Huonq Suzhendən 22 min ABŞ dolları alaraq, onları azad ediblər.

Bundan başqa, Zhanq Venlin 2010-cu il yanvarın 5-də axşam həyat yoldaşı ilə birlikdə Nizami rayonu 8-ci km qəsəbəsində yaşayan həmyerlisi Li Vinin evinə qonaq gedib. Təxminən saat 02:00 radələrində o, həyətə çıxıb və geri qayıtmayıb. Ertəsi gün saat 09:30 radələrində Zhanq Venlinə məxsus mobil telefondan həyat yoldaşına zəng gəlib və naməlum şəxslər onun Çin vətəndaşları tərəfindən oğurlandığını deyərək, azadlığa buraxılması müqabilində 300 min ABŞ dolları tələb ediblər.

Bununla bağlı polisə xəbər veriləcəyi və pulun ödənilməyəcəyi təqdirdə isə Zhanq Venlini öldürəcəklərini bildiriblər. Yanvarın 7-də naməlum şəxslər tərəfindən təkrar zəng gəlib və Zhanq Venlinin kəsilmiş barmağının yaşadığı evin həyətinə atıldığı deyilib. Sonradan zərərçəkənin kəsilmiş şəhadət barmağı yaşadığı evin həyətindən aşkar edilərək götürülüb.

2011-ci ilin sentyabr ayının 5-də Bakı Ağır Cəza Məhkəməsinin hökmü ilə Ci Fonq Pinq, Hu Ye və Vanq Li Yonq, Vanq Konq Yonq, Yu Çanq Bin, Jhen Go Van və Jhen Si Hunun hər biri 13 il, Yu Huenin isə 11 il müddətinə azadlıqdan məhrum ediliblər.

Xatırladaq ki, təqsirləndirilən şəxslərdən Vang Li Yong və Vang Kang Yong bu ilin əvvəlində Bakı Ağır Cinayətlər Məhkəməsinə müraciət edərək 05 sentyabr 2011-ci il tarixli hökmündən apellyasiya şikayəti verilməsi üçün prosessual müddətin bərpa edilməsinə dair vəsatət verib. Lakin məhkəmə vəsatəti rədd edib. Həmin qərardan narazı qalan məhkumlar apellyasiya şikayəti veriblər. Bakı Apellyasiya Məhkəməsi qərarı ləğv edib, işi birinci instansiya məhkəməsinə qaytarıb. Bakı Ağır Cinayətlər Məhkəməsi isə yenidən vəsatəti təmin etməyib. Məhkəmənin 17 dekabr 2015-ci il tarixli qərarından məhkumların müdafiəçisi Nağıyev Ağakişi Qüdrət oğlu tərəfindən apellyasiya şikayəti ilə Bakı Ağır Cinayətlər Məhkəməsinə müraciət edib.

Onu da qeyd edək ki, qanunvericiliyə əsasən, barəsində hökm çıxarılan şəxs 10 gün müddətinə apellyasiya şikayəti vermək hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə təqsirləndirilən şəxs müddətin bərpa edilməsi üçün yenidən məhkəməyə müraciət edə bilər.

Son xəbərlər

Orphus sistemi