Bakı. 13 aprel. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü Fuad Əhmədlinin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası başlayıb.
"Report"un xəbərinə görə, hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Hakim təqsirləndirilən şəxsdən ittiham aktı və digər məhkəmə sənədlərini alıb-almadığını soruşub.
F.Əhmədli isə sənədləri aprelin 10-da aldığını deyib.
Buna görə, proses aprelin 25-dək təxirə salınıb.
Qeyd edək ki, F.Əhmədli 2016-cı il avqust ayının 18-də saxlanılıb. Dövlət Təhlükəsizlik Xidməti və Baş Prokurorluğun açıqlamasına əsasən, F.Əhmədli “Azərfon” MMC-də çalışdığı müddətdə abonentlərin şəxsi məlumatlarını üçüncü şəxsə ötürüb. Həmçinin qeyd edilib ki, F.Əhmədlinin mənzilində axtarış zamanı Fətullahçı Terror Təşkilatının (FETÖ) başçısı Fətullah Gülənin çıxışlarının olduğu kitablar, CD-dilər tapılıb.
F.Əhmədli Cinayət Məcəlləsinin 302 (əməliyyat-axtarış fəaliyyəti üzrə qanunvericiliyi pozma) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham edilir.